Accessibility links

Etirazlardan sonra türk naşirlər Təbriz kitab sərgisinə alındılar


Oktyabrın 21-də Təbriz Beynəlxalq Kitab Sərgisi 950 daxili və xarici naşirlərin, eləcə də İran Azərbaycanından türk naşirlərin iştirakı ilə başlandı.

Türk naşirlərin 17-ci Təbriz Beynəlxalq Kitab Sərgisində pavilyon qurmalarına icazə verilmədikdən sonra İrşad və Mədəniyyət idarəsinə etirazlar qaldırılmışdı.

Etirazların ardınca İrşad İdarəsi türk naşirlərə sərgidə pavilyon qurmağa icazə verib.

İlk öncə Azərturan, Dənizçin, Yaz, Əndişe-i Nov, Parlaq Qələm, Buta və İran Azərbaycanında uşaq ədəbiyyatı ilə tanın "Kirpi" nəşriyyatının Təbriz kitab sərgisinə qatılmaqlarına icazə verilməmişdi.

Ötən ilin sentyabr ayında İran Azərbaycanının Urmiyə şəhərində keçirilən kitab sərgisinə "Savalan İgidləri" nəşriyyatına pavilyon qurmağa icazə verilmədikdən sonra həmin nəşriyyatın məsulları öz türkcə kitablarını sərginin önündə maşının üstündə satmağa başlamşdılar.

Digər türkcə kitab nəşriyyatı olan "Kirpi" isə İran mədəniyyət sərgiləri müəssisəsinin müfəttişləri tərəfindən 16-cı Təbriz Kitab sərgisindən xaric olunmuşdu.

Fəalların dediyinə görə, "pan-İranist" qüvvələr İran Azərbaycanından keçən il Tehran Beynəlxalq Kitab sərgisinə qatılan Azərtürk nəşriyyatının pavilyonuna hücum etmişdilər. Hücum edən şəxslər pavilyonda yazılan Azərtürk adında olan türk sözünün üstünü qələmlə qaralamağa cəhd etmişdilər.

İran İslam Respublikasında türk dilində kitab nəşr edən naşirlər müxtəlif şəkillərdə maneələr və təzyiqlərlə üzləşirlər.

XS
SM
MD
LG