Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin daşımalarını həyata keçirən avtonəqliyyat vasitələrinə taxoqraflar quraşdırılacaq.
Baş nazir Novruz Məmmədov sentyabrın 14-də bununla bağlı qərarı imzalayıb.
Qərar Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na əlavə edilməsini nəzərdə tutur.
7 nömrəli həmin əlavəyə əsasən, beynəlxalq yük daşımaları, həmçinin ölkədaxilində şəhərlərarası və rayonlararası yük daşımaları taxoqrafsız həyata keçirilə bilməz.
Taxoqraf olmadan, taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla işləyənlər məsuliyyətə cəlb ediləcəklər.
Taxoqraf avtonəqliyyat vasitəsinin hərəkətinə, qət edilmiş məsafəyə, hərəkətin sürətinə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq üçün quraşdırılır.