Bu yaxınlarda Brüsseldə Avropa Parlamentində “İranda etnik icmaların gələcəyi” adlı konfrans keçirilib. Konfransa qatılan “Azərbaycan Demokratik Birliyi” təşkilatının sözçüsü Səid Əzizi Amerikanın Səsinə müsahibə verib.
Əzizinin söylədiklərinə görə, İranın türk, ərəb, kürd, bəluç və türkmən icmalarına mənsub təşkilatların qatıldığı tədbirdə İranın gələcəyi üçün federal bir hökümət sisteminin qurulmasına dəstək bildirilib.
Əvvəllər federalizmdən danışmaq tabu idi, millətlərin haqqından danışmaq və İranın çox-millətli bir ölkə olmasından danışmaq tabu idi, və bölücülük sayılırdı. İndi bu tabu yavaş yavaş sınır.
“Federal İranın Milliyətləri Konqresi”-nin təşəbbüsü ilə təşkil olunan konfrasda “Azərbaycan Demokratik Birliyi” təşkilatının sözçüsü Səid Əzizi, “Əhvaz Demokratik Həmrəylik Partiyası”-nın sədri Cəlil Şərhani, “İran Kürdüstanı Demokrat Partiyası”-nın sədri Mustafa Hicri, “Bəluçistan Xalq Partiyası”-nın sözçüsü Nasir Boladeyi, “Türkmənsəhra Mədəni-Siyasi Təşkilatı”-nın sözçüsü Yusuf Kor, habelə Nobel sülh mükafatı laureatı Şirin İbadi İranın siyasi gələcəyi ilə bağlı fikirlərini bəyan ediblər.
Səid Əzizinin dediklərinə əsasən, konfransda çıxış edənlərin hamısı İranın gələcəyi üçün federal bir alternativin uyğun olduğuna dair dəstəkləyici fikirlər səsləndiriblər.
Əzizi Nobel sülh mükafatı laureatı Şirin İbadinin İranın etnik icmaları ilə bağlı bir tədbirə qatılmasını olduqca müsbət dəyərləndirir:
[Qeyri-fars] millətlərin rolu burada güclüdür və onların tələbləri dəstəklənməsə İranda İslam Respublikasından demokratiyaya normal bir keçid olmayacaq.”
“Şirin xanım İbadi danışığında ətraflı şəkildə işarə etdi ki, İran bir neçə millətdən təşkil olunub və bu millətlərin bərabər hüquqları olmalıdır. Haqlarını hüquqlarını istəyənlərə bölücülük damğası vurmaq olmaz. Bunlar bölücü deyil, hüquqlarını istəyirlər.”
O, Şirin İbadinin sözlərində yeniliklər olduğunu ifadə edir.
“İran ictimaiyyəti və siyasi təşkilatları və mediasını dəyərləndirəndə görürük ki, keçən 5 ildə çox dəyişikliklər var. Yəni əvvəllər federalizmdən danışmaq tabu idi, millətlərin haqqından danışmaq və İranın çox-millətli bir ölkə olmasından danışmaq tabu idi, və bölücülük sayılırdı. İndi bu tabu yavaş yavaş sınır,” Səid Əzizi söyləyir.
Türk fəalın sözlərinə görə, “İranda millətin ayağa qalxması müxalifətə də bir xəbərdarlıq oldu ki, müxalifətin zəif olmasına və mütəşəkkil olmamasına ciddi fikir versinlər. Buna çarə və çözüm yolu tapsınlar. Buna görə də, bu qruplarla əməkdaşıqlarımızın artması gözlənilir. Bunlar anlayıblar ki, İranda millətlər bu məsələni həll edəcəklər. Yəni millətlərin rolu burada güclüdür və onların tələbləri dəstəklənməsə İranda İslam Respublikasından demokratiyaya normal bir keçid olmayacaq.”
Bütün çalışmamız budur ki, İranda federalizm düşüncəsini yerinə salaq ki, bu İranı qurtaran bir ideyadır.
Əzizi mənsub olduğu təşkilatın İranın siyasi mühitində federalizm düşüncəsini yaymağa davam edəcəyini vurğulayır: “Bütün çalışmamız budur ki, İranda federalizm düşüncəsini yerinə salaq ki, bu İranı qurtaran bir ideyadır. Bu İranın siyasi böhranına və gələcəyinə vacib olan bir çözümdür.”
O, keçən noyabr ayında İranda baş qaldıran və yüzlərlə vətəndaşın ölümü ilə nəticələnən xalq etirazlarına diqqət çəkərək əlavə edir ki, “İranlı müxalif qruplar başa düşüblər ki, olaylar Tehrandan başlayıb, orada bitmədi. Əl-Əhvazdan başladı. Kürdüstanda, Azərbaycanda hətta Türkmənsəhrada və Bəluçistanda, hər yerdə ölənlər və həbsə atılanlar var. Hətta görürük ki, bəzi fars şəhərlərində ölənlərin çoxu türkdür...”