Accessibility links

Səhiyyə Nazirliyi əks-göstəriş sertifikatının alınma qaydasını açıqlayıb


Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi

Azərbaycanda əks-göstəriş sertifikatının alınma qaydası açıqlanıb.

19 saylı Şəhər Poliklinikasının baş həkimi, əks-göstəriş sertifikatının verilməsi üzrə Xüsusi Komissiyanın üzvü Aytən Qurbanova bildirib ki, əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim edirlər.

"Mütəxəssislər həmin göstəricilərə baxırlar, yoxlayırlar, sənədin əsaslığı yoxlanılır və qərar verirlər ki, əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa) həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir."

Onun sözlərinə görə, hazırda peyvəndi vurdurmağa qarşı əks göstərişlərə görə poliklinikalara ən çox müraciətlər immun xəstəliklər, allergik və onkoloji xəstəliklər, hamiləlik, südvermə və epilepsiya xəstəliyinə görə edilir.

Komissiya üzvü vətəndaşların cavablarının gecikməsi ilə bağlı iddialara da münasibət bildirib.

"Əks-göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur. Qeyd edim ki, Bakı şəhərində iki komissiya fəaliyyət göstərir və hər komissiya həftədə 3 gün sənədləri qəbul edir. Bu komissiyaların hərəsinə təxminən 20-30 müəssisə sənəd təqdim edir. Sənədlər hər dəfə təqdim olunanda protokolda 70-90 insanın müraciəti olur. Məsələn, dünən sənədlərin qəbul günü idi və saat 12:00-dan 15:00-dək biz 6 müəssisədən 18 protokol qəbul etdik. Bu protokollarda 473 insanın sənədi var idi. Bu gün 15:00-dan 19:00-dək komissiya 473 insanın sənədini baxaraq, araşdırıb və uyğun olub-olmaması barədə qərar verəcək. Vətəndaşların narazılığını anlayırıq, lakin göndərilən müraciətlərin komisiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır," o qeyd edib.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır.

XS
SM
MD
LG