Accessibility links

Dəməşq civarında döyüşlər intensivləşib


Üsyançıların dünən tunellər vasitəsilə paytaxt Dəməşqin şimal-şərq məhəllələrinə, hökumət binalarının yerləşdiyi ərazilərə daxil olmasından sonra bu gün Suriyanın hökumət qüvvələri əks-hücuma keçiblər.

Şahidlər Dəməşq üzərində hərbi təyyarələrin uçduğunu desələr də, həmin təyyarələrin Suriya ordusuna və ya döyüşlərdə Bəşar Əl-Əsədi dəstəkləyən Rusiyaya aid olub-olmadığı aydın deyil.

Bu gün döyüşlər bazar günü müxalifət qüvvələrinin bomba yerləşdirilmış iki avtomobili partlatmaq və intiharçı hücumları ilə bir neçə binanı ələ keçirdiyi Cobar məhəlləsində də davam edib.

Hökumətpərəst qüvvələr keçən ildən bəri Dəməşqin üsyançıların nəzarətində olan cənub və qərb bölgələrini geri ala biliblər. Lakin şəhərin şərq hissəsinin bəzi əraziləri hələ də üsyançıların əlində qalır.

Hökumət qüvvələri ölkənin şimalında Hələb, mərkəzdə Homs və Dəməşq ətrafında başqa şəhərlərdə qələbələrdən sonra üsyançıların paytaxtda saxladıqları mövqelərdən çəkilməsi üçün təzyiq göstərir.

On minlərlə döyüşçü, dissident və onların ailə üzvləri uzun zamandır mühasirədə olan ərazilərdən şimal-qərbdə üsyançıların nəzarətində olan yerlərə köçürülməyə razı olub. Müxalifət nümayəndələri bunu "məcburi yerləşdirmə" adlandırır.

XS
SM
MD
LG