Accessibility links

Ban Ki Mun Suriya ilə bağlı qətnaməyə veto qoyulmasını tənqid edib


Ban Ki Mun Suriya ilə bağlı qətnaməyə veto qoyulmasını tənqid edib
Ban Ki Mun Suriya ilə bağlı qətnaməyə veto qoyulmasını tənqid edib

Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasının Suriya prezidenti Bəşar Əl-Əsədi öz xalqına qarşı zorakılıqlara görə qınayan və onu hakimiyyətdən getməyə çağıran qətnaməsinə veto qoyması beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olub.

BMT-nin Baş katibi Ban Ki Mun qətnamənin təsdiqinin baş tutmamasını qınayaraq deyib ki, Təhlükəsizlik Şurası böhrana son qoymaq üçün yekdil hərəkət etmək kimi bir fürsəti əldən verib. Birləşmiş Ştatlar, Fransa və Almaniya daxil olmaqla, Təhlükəsizlik Şurasının 13 üzvü qətnaməyə səs verib.

Tunisin baş naziri bu gün Suriya ilə əlaqələrin kəsildiyini elan edib. Münhendə beynəlxalq təhlükəsizliyə dair konfransda danışan Həmadi Cebali Tunisin Suriyanın səfirini ölkədən çıxardığını deyib və digər ərəb ölkələrini də bunu etməyə çağırıb.

Təhlükəsizlik Şurasında səsvermədən sonra ABŞ-ın BMT-dəki səfiri Süzan Rays deyib ki, Vaşinqton Rusiya və Çinin qətnaməyə veto qoymasından son dərəcə narazı qaldığını deyib. Lakin o əlavə edib ki, ABŞ Suriya məsələsindən imtina etməyəcək.

Britaniyanın BMT-dəki səfiri Lyal Qrantın sözlərinə görə isə Rusiya və Çin tiraniyanı müdafiə etmək üçün ərəb dünyasına arxalarını çevirib. Suriyanın səfiri Bşar Cəfəri BMT-ni silahlı terrorçuları dəstəkləməkdə ittiham edib.

Rusiya öz qərarını müdafiə edərək bildirib ki, Təhlükəsizlik Şurasının üzvləri rejimin dəyişilməsi və müxalifətin hakimiyyətə keçməsinə çağıraraq, böhranın siyasi həlli imkanı qarşısında maneə yaratmışdır.

Çinin BMT-dəki səfiri Vanq Min isə Pekinin qətnamə ilə bağlı Rusiyanın mövqeyini dəstəklədiyini deyib və sənəddə fikir ayrılıqlarına səbəb olmuş bəzi hissələrin müzakirəsini davam etdirməyə çağırıb.

Suriyanın özündə isə bu gün Türkiyə ilə sərhəd yaxınlığında yerləşən İdlib şəhərində əsgərlər və üsyançılar arasında toqquşmaların baş verdiyi xəbər verilir.

XS
SM
MD
LG