Accessibility links

Suriyada döyüşdüyü bildirilən şəxs Ukraynada tutularaq Azərbaycana gətirilib


Mirəhəd Mirismayıllı
Mirəhəd Mirismayıllı

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Ukrayna xüsusi xidmət orqanları ilə birgə Suriyada Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə axtarış elan edilən Azərbaycan vətəndaşı Mirəhəd Mirismayıllını Ukrayna ərazisində saxlayaraq Azərbaycana gətirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictmaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir ki, Mirismayıllı Suriyada Aqil Hacıyevin başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü ildə bu ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan vətəndaşları ilə birgə iştirakda şübhəli bilinir.

Həmçinin müəyyən edilib ki, Azərbaycan vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Mirəhəd Mirismayıllıya Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mirəhəd Mirismayıllınının ailə üzvləri və vəkili Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına hələ münasibət bildirməyib.

XS
SM
MD
LG