Accessibility links

Suriya ordusu İsrailin Dəməşq yaxınlığında raket hücumu zamanı bir əsgərin öldüyünü bildirib


Suriya hərbi qüvvələrinin bildirdiyinə görə, İsrailin qırıcı təyyarələri çərşənbə günü gecə Dəməşq yaxınlığındakı hərbi hədəflərə raket zərbələri endirib, nəticədə bir suriyalı əsgər ölüb, üçü yaralanıb.

SANA xəbər agentliyinin adının açıqlanmadığı hərbi rəsmiyə istinadən verdiyi məlumata görə, Dəməşq yaxınlığında Zabadani bölgəsində gecə yarısından sonra həyata keçirilən hücum zamanı Suriyanın hava hücumundan müdafiə bölməsi hədəf alınıb və bölməyə maddi zərər dəyib.

Bu, İsrail ordusunun son bir həftədə ikinci hücumu idi. Keçən cümə axşamı da İsrail təyyarələri Suriyanın mərkəzində Masyaf qəsəbəsindəki hədəfləri bombalayıb.

Məlumatda hücumla bağlı detallar verilməyib. Suriyada vətəndaş müharibəsi zamanı Suriyanın daxilində öz hücumları barədə nadir hallarda məlumat verən İsrail tərəfindən də heç bir açıqlama verilməyib.

Britaniyada yerləşən Suriya İnsan Hüquqlarını Müşahidə qrupu İsrailin hava zərbələrinin İranın Livanda müttəfiq Hizbullah qrupu və digər silahlı qrupların istifadə etdiyi silah və raket bazalarını hədəf aldığını bildirib. İran və onun müttəfiqi olan silahlı qruplaşmalar 2011-ci ildən Suriyada vətəndaş müharibəsində əsas rol oynayıb.

Son bir neçə ildə İsrail əasən Suriyada onlarla hava hücumu həyata keçirdiyini etiraf edib. Bu hücumların əksəriyyəti zamanı İranın Hizbullah üçün nəzərdə tutulduğu güman edilən silahla tədarükləri hədəf alınıb.

İsrail rəsmiləri son zamanlar Hizbullanın dəqiq idarə olunan raketlər istehsal etməyə çalışmasından narahatlıqlarını ifadə edib.

Suriya İnsan Hüquqlarını Müşahidə qrupu çərşənbə günü hədəf alınan ərazinin dağlıq bölgə olduğunu bildirib. Silah bazaları münaqişə dövrü İranın dəstəklədiyi qüvvələrin sığınacağına çevrilmiş həmin dağlıq bölgədə yaradılıb.


XS
SM
MD
LG