Suriyada müxalifət fəallarının verdiyi məlumata görə, hökumət qüvvələri prezident Bəşar Əl-Əsədin iqamətgahı yaxınlığında istehkam qurmağa çalışan üsyançıları ərazidən çıxarmaq üçün Dəməşq ətrafında bir neçə rayonda hücum həyata keçirib.
Fəallar bildirib ki, Əsəd tərəfdarı əsgərlər tanklar və zirehli texnikanın müşayiəti ilə paytaxtın şərq hissəsindəki rayonlarda Azad Suriya ordusunun üsyançılarına qarşı döyüş aparır. Onlar döyüşlər zamanı mülki vətəndaşlar və üsyançılar daxil olmaqla 12 nəfərin həlak olduğunu bildirib.
Suriya insan hüquqları fəalları ölkə boyu zorakılıqların nəticəsi olaraq 19 adamın həlak olduğunu bildirib.
Suriyanın dövlətə məxsus SANA xəbər agentliyi Dəməşq yaxınlığında hərbçiləri daşıyan avtobusun keçdiyi yolun kənarında yerləşdirilmiş bombanın parlatması nəticəsində altı əsgərin öldüyü və altı əsgərin yaralandığı haqda xəbər verib. SANA həmçinin üsyançılarla döyüçlər nəticəsində təhlükəsizlik qüvvələrinin 23 üzvünün öldüyünü bildirib.
Suriya hökumərinin xarici jurnalistlərin ölkədə azad şəkildə fəaliyyətini qadağan etməsinə görə döyüşlər və tələfatlar haqda məlumatların müstəqil mənbələr tərəfindən təsdiq edilməsi mümkün deyil.
Suriya hökuməti cənab Əsədin 11 illik avtokratik hakimiyyətinə qarşı üsyanda və təhlükəsizlik qüvvələrinin 2300 üzvünün öldürülməsində silahlı terrorçuları ittiham edir.
BMT-nin dekabr ayında açıqladığı məlumata görə, Suriyada iğtişaşlar başlayandan 5400-çox adam həlak olub. Lakin BMT rəsmiləri keçən həftə bildiriblər ki, məlumatların əldə edilməsi çətin olduğuna görə ölənlərin sayı bundan sonra hesablanmayacaq.