Accessibility links

Sudanda keçid hökumətinin yaradılması barədə danışıqlar dayandırılıb


Çərşənbə günü Xartumda təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı azı səkkiz nəfər yaralandıqdan sonra Sudanın Keçid Hərbi Şurası mülki müxalifət liderləri ilə keçid hökumətinin yaradılması barədə danışıqları dayandırıb.

“Bu, bizim Allah, insanlarımız, ordumuz və inqilabımız qarşısında borcumuzdur ki, 72 saat müddətinə danışıqları dayandıraq və razılığı davam etdirmək üçün münbit mühit yaradaq, barrikadaları yığışdıraq və yanacaq və ərzaq qıtlığından əziyyət çəkən bölgələri təchizatla təmin etmək üçün dəmir yollarını açaq” deyə Sudan Keçid Hərbi Şurasının lideri Əbdel Fəttah Əl-Buran bildirib.

Barrikadalar ötən ay uzun zaman hakimiyyətdə olan diktator Ömər Əl-Bəşirin hakimiyyətdən getməsini tələb edən küçə nümayişlərindən sonra oturaq aksiyalar zamanı qurulub.

Hərbi qüvvələr aprelin 11-də Bəşirin 30 illik hakimiyyətinə son qoyub. Lakin oturaq aksiyalar və barrikadalar hələ də mövcuddur.

Nümayişçilər hərbiçilərin hakimiyyəti mülkü hökumətə təhvil verməsini istəyir.

Danışıqlar dayandırılanadək Hərbi Keçid Şurası və mülki nümayişçilərin liderləri keçid hökumətinin yaradılması barədə əsas sturktura dair razılığa gəlmişdir.

Razılığa üç il müddətində keçid hakimiyyətinin bölünməsi, hökumətin idarə olunması üçün suveren, nazirlər və qanunverici şuraların yaradılması daxil idi.

300 nəfərlik parlamentdə yerlərin üçdə birini müxalif Azadlıq və Dəyişiklik Bəyannaməsi Qüvvələri tutacaq.

Lakin 2022-ci ildə keçiriləcək seçkilərədək hakimiyyəti idarə edəcək suveren şurada mülki vətəndaşların və ya hərbiçilərin üstünlük təşkil edəcəyi barədə razılıq əldə edilməyib.

XS
SM
MD
LG