Accessibility links

Sudanda hərbi hökumət əleyhinə etirazlar davam edir


Sudanda hərbi hökumət əleyhinə etirazlar davam edir. Xartumda 2 günlük tətillərin birinci günü aksiyaçılar anti-hökumət şüarları səsləndirib.

Həmkarlar İttifaqları, peşəkar təşkilatlar və siyasi partiyalar Sudanın hərbi xuntasının mülki hökumətlə əvəz edilməsini tələb edir.

Hərbi xunta uzunmüddətli prezident Ömər Əl-Bəşirin devrilməsindən sonra hakimiyyəti ələ keçirib.

Xartumda kiçik dükanlar və benzindoldurma stasiyalarından başqa bütün bizneslər bağlıdır.

Bir sıra beynəlxalq uçuşlar təxirə salınıb. Belə ki, aviasiya işçiləri tətilə qoşulacaqları barədə xəbərdarlıq edib.

Bu ay Xartumda təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı azı səkkiz nəfər yaralandıqdan sonra Sudanın Keçid Hərbi Şurası mülki müxalifət liderləri ilə keçid hökumətinin yaradılması barədə danışıqları dayandırıb.

Danışıqlar dayandırılanadək Hərbi Keçid Şurası və mülki nümayişçilərin liderləri keçid hökumətinin yaradılması barədə əsas sturktura dair razılığa gəlmişdir.

Razılığa üç il müddətində keçid hakimiyyətinin bölünməsi, hökumətin idarə olunması üçün suveren, nazirlər və qanunverici şuraların yaradılması daxil idi.

300 nəfərlik parlamentdə yerlərin üçdə birini müxalif Azadlıq və Dəyişiklik Bəyannaməsi Qüvvələri tutacaq.

Lakin 2022-ci ildə keçiriləcək seçkilərədək hakimiyyəti idarə edəcək suveren şurada mülki vətəndaşların və ya hərbiçilərin üstünlük təşkil edəcəyi barədə razılıq əldə edilməyib.

XS
SM
MD
LG