NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, hər iki tərəf Norveç sahillərində təlimlər keçirdiyi vaxt o həm Qərbin, həm də Rusiyanın “özünü layiqli şəkildə apracağına” əmindir.
Stoltonberq vətəni Norveçdə Trudent Juncture hərbi oyunları çərçivəsində keçirilən mətbuat konfransında bildirib ki, “bu, soyuq müharibə dövründəki vəziyyət deyil”. O, hərbi oyunların “təxribat xarakteri deyil, yalnız preventiv xarakter” daşıdığını xüsusi vurğulayıb.
NATO Rusiyanı hərbi təlimlərlə bağlı məlumatlandırıb və onları müşahidə etməyə dəvət edib. Lakin təlimlər Rusiya tərəfindən qəzəblə qarşılanıb.
Moskva NATO-nun artan hərbi fəaliyyətlərinə cavab vermək məcburiyyətində qala biləcəyini bildirib və hərbi dəniz qüvvələrinin alyansın İkinci Dünya Müharibəsindən sonra ən genişmiqyaslı hərbi təlimlərinin keçirildiyi yerə yaxın beynəlxalq sularda raket sınağı planlaşdırdığını bəyan edib.
Rusiya raket sınaqları noyabrın 1-dən və 3-nə qədər Norveçin qərb sahillərində keçirməyi planlaşdırır. NATO-nun noyabrın 7-də bitəcək hərbi təlimləri isə Norveçin şərq sahilləri, Atlantik okeanı və Baltik dənizinin şimal bölgələrində keçirilir.
Hərbi təlimlər NATO və Rusiya arasında münasibətlərdə azalmayan gərginliklər fonunda keçirilir. Moskva alyansın Rusiya sərhədləri yaxınlığında fəaliyyətlərinin təxribat xarakteri daşıdığına inanır.
NATO manevrlərini müşahidə etməyə gələn Stoltenberq müxbirlərə deyib ki, “bu, birliyə nümunə olan lazımi təlimlərdir”.
Alyansın təlimlərində NATO-ya üzv olan 29 ölkədən 50 min əsgəri qüvvə, eləcə də Finlandiya və İsveçdən tərəfdaşlar iştirak edir.