ABŞ-da qərargahlanan Xarici Siyasət Araşdırma İnstitutunun Avrasiya proqramının baş elmi tədqiqatçısı Stefen Blank Amerikanın Səsinə müsahibədə ABŞ-ın Qafqazdakı rolundan, İranla Azərbaycan arasındakı gərginliynə mümkün müdaxiləsindən və Minsk Qrupunun gələcək rolundan bəhs edib.
Amerikanın Səsi: Cənab Blank, Dağlıq Qarabağ müharibəsindən bir il ötür. Müharibə Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə atəşkəs bəyanatının imzalanması ilə nəticələndi. Lakin belə görünür ki, barışıq prosesi irəliləmir. ABŞ dünya qüdrəti olaraq regionda sülhquruculuğu işlərinə hansı töhvlər verə bilər?
Stefen Blank: Birləşmiş Ştatların ilk etməli olduğu şey cəlb olunmaq istədiyini və bu prosesə və ümumilikdə Qafqaza cəlb olunmağın Birləşmiş Ştatların strateji marağı çərçivəsində olduğunu müəyyən etməkdir. Bu, bir gecədə baş verəcək bir proses olmayacaq, bu mümkün deyil. Amma ABŞ rol oynamaq istədiyini göstərməlidir, ciddi olduğunu göstərən addımları vasitəsilə insanlarda etimad yaratmalı və bu ciddi məqsədə doğru irəliləməlidir. Amma inidəyədək belə bir şey baş verməyib. Yalnız bu olandan sonra Bakı və Yerevanı Birləşmiş Ştatların vasitəçi ola biləcəyinə inandırmaq mümkündür və bu da təəssüf ki, bir gecədə baş verəcək bir şey deyil.
Ancaq bunun yeganə və doğru yolu Qafqazın təkcə Amerikanın deyil, Qərbin maraqları üçün mühüm olduğunu nəzərə almaqdır.
Amerikanın Səsi: Son zamanlarda Azərbaycanla İran arasında gərginlik yaşanır. Belə ki, Azərbaycan İranın yük maşını sürücülərini saxlayıb, İran isə Azərbaycanla sərhəddə hərbi təlim keçirib. Tərəflər artıq böhranı dialoq vasitəsilə həll etməyə razılaşıblar. Siz, ABŞ-İran münasibətlərini nəzərə aldıqda, Birləşmiş Ştatların İranla Azərbaycan arasındakı gərginliyə cəlb olunmasını gözləyirsinizmi?
Stefen Blank: Ümid edirəm siz anlayırsınız ki, bu məsələdə ABŞ Qafqaza əvvəlikdən daha geniş bir mövqe ilə yanaşmalıdır, çünki ilk öncə Birləşmiş Ştatlar hökuməti, bir insan deyil, birlikdə işləyən kollektiv institutlar olaraq Qafqaza laqeyd yanaşmamalı olduğunu dərk etməlidir.
Və bunun səbəblərindən biri də mənim yaxınlarda dərc olunan məqaləmdə də qeyd etdiyim kimi İran, Azərbaycan, Ermənistan üçbucağıdır. Birləşmiş Ştatlar bunu etməyin əhəmiyyətini dərk etdiyində, Qafqazdakı rolunu artırmaq, həm Azərbaycan həm də Ermənistanın etimadını qazanmaq üçün ağıllı gündəmlə irəliləməlidir, çünki İran məsələsi təkcə Yaxın Şərqlə məhdudlaşmır, İran terroru Cənubi Amerika və Avropada da baş verir.
İran həm də Venesuela kimi pisniyyətli hökumətlərlə işləyir və bu yaxınlarda onlarla yeni razılıq imzalayıb. Ona görə də bu problemləri daha geniş strateji kontekstdə anlamaq və cəlb olunan tərflərin tələblərini qarşılayacaq proqram tərtib etmək lazımdır.
Amerikanın Səsi: Siz əvvəlki suallara cavablarınızda, habelə The National Interest qəzetində dərc olunan məqalənizdə qeyd etmisiniz ki, Birləşmiş Ştatlar Qafqaza məhəl qoymamağa davam edir. Sizcə bunun səbəbi nədir? Bunun Amerikanın maraqlarına xeyri və ya ziyanı nədir?
Stefen Blank: Kaş bilərdim. Məncə onlar oranı Rusiyanın bölgəsi olaraq görürlər. Və bu həm də kiminlə danışdığından asılıdır. Azərbaycana qarşı çox antipatiya var, çünki Azərbaycan hökuməti aydındır ki, qeyri-demokratkdir və bunu heç kəs inkar etmir. Lakin hətta demokratik olmayan hökumətlə belə problem ondadır ki, onların öz vacib strateji maraqları var. Bu maraqlar bəzən Birləşmiş Ştatların maraqları ilə üst-üstə düşə bilər. Onlar Birləşmiş Ştatların müttəfiqi və Birləşmiş Ştatlar üçün çox əhəmiyyətli olan İsrailin maraqları ilə üst-üstə düşür. İran məsələsi Amerikanın xarici siyasəti üçün böyük problemdir. Bəs niyə? Çünki bəzi insanlar deyir ki, Azərbaycan qeyri-demokratikdir. ABŞ siyasətinin bəzi hissələrinə erməni lobbisinin təsiri olub. Amma ən əsası Birləşmiş Ştatlar regiona əhəmiyyət vermir, çünki özünün çox probleminin olduğunu, oranın Rusiyanın arxa bağçası olduğunu söyləyir, “biz Gürcüstanda müdaxilə etməyə çalışdıq, amma heç bir nəticə əldə etmədik. Problem odur ki, iki tərəf bir-birinə o qədər nifrət edir ki, onlar bir addım atmayandək biz müdaxilə edə bilmərik” deyir. Mən bütün bu bəhanələri eşitmişəm. Bunlar heç bir tədbir görməmək üçün bəhanədir bə bunların hamısı sonunda “bürokratiyanın ən asan yolu heç nə etməməkdir” deməklə nəticələnir.
Amerikanın Səsi: Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsini həll etmək məqsədilə yaranan Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Lakin bu məsələdə müvəffəq olmayıb. Siz bundan sonra Minsk Qrupunun rolunun nə olacağını gözləyirsiniz? Siz qrupun Ermənistanla Azərbaycan arasında barışığın yaranmasında daha böyük rol oynayacağını ehtimal edirsinizmi?
Stefen Blank: Mən açıq danışacağam. Minsk Qrupu yararsızdır. O heç kim üçün işə yaramır və ləğv edilməlidir, çünki heç nə etməyib. Və siz keçmiş amerikalı diplomatlarla danışsanız, onlar deyəcək ki, "Azərbaycan və Emənistan həqiqətən də barışmaq istədiklərini deməyənə qədər biz heç nə edə bilmərik." Amma onlar barışmaq istəmirlər, ən azından hazırda mövcud olan şərtlər altında. Bunun mümkün olmadığını demək üçün heç bir bəhanə yoxdur. Biz bunu qırx beş il öncə Misir və İsraillə edə bildik. Yom Kippur müharibəsindən Kemp-Devid müqaviləsinə qədər altı il vaxt keçdi, amma biz uzunmüddətli və davamlı irəliləyişin olduğunu gördük və indi Misirlə İsrail İrana və Yaxın Şərqdəki terrorçulara və sairə qarşı əməkdaşlıq edir və onlar bir çox sahədə iqtisadi tərəfdaşdırlar.
Yəni bunun çətin olduğunu demək və məsələni kənara qoyub, onu unutmaq əvəzinə uzağı görən biri olmaq lazımdır. Əsas problem budur. Minsk Qrupu sadəcə bir fasaddır və heç bir şeyə nail olmayıb. Onların yanaşması o idi ki, “tərəflər bir şey etmək qərarına gəlməyədənək biz heç nə edə bilmərik, çünki həm Bakı həm də Yerevan 2020-ci il müharibəsindən öncə barışığın şərtlərinin nə olduğunu bilirdilər, amma onları qəbul etməkdən imtina etdikləri üçün, bizim əlimiz-qolumuz bağlı idi.” Bu yetərli deyil.