Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçisi Stefan Şennak Azərbaycan və Tacikistan nümayəndələrinin ATƏT-in KİV azadlığı üzrə Nümayəndəsi (RFOM) Harlem Dezirin mandatının yenilənməsinə mane olmaq qərarından təəssüfləndiyini bildirib.
Bu barədə məruzəçi özünün Twitter mikrobloqunda yazıb.
"Mən iştirakçı dövlətləri onun mandatını yeniləməyə çağırıram", o bildirib.
Bir müddət əvvəl 29 beynəlxalq təşkilat Azərbaycanı Harlem Dezirin mandatını bloklamağa son qoymağa çağırıb.
Bəyanatı yayan təşkilatlar hesab edir ki, Azərbaycan və Tacikistanın bu addımı ATƏT nümayəndəsinin əsas nəzarət funksiyasını zəiflətmək cəhdidir.
İyunun 11-də Azərbaycan ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Harlem Dezirin mandatının uzadılmasının əleyhinə nota göndərib və bununla da bütün dörd mövqe üzrə səlahiyyətlərin uzadılması barədə konsensusu pozub.