Accessibility links

Ramin Cabbarlı: "Bu hesabatda etnik azərbaycanlıların durumu haqda çox qısa məlumat verilib"


Vaşinqton Universitetinin sosiologiya üzrə doktorantı Ramin Cabbarlı
Vaşinqton Universitetinin sosiologiya üzrə doktorantı Ramin Cabbarlı

Aprelin 12-də ABŞ Dövlət Departamenti 2021-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Hesabatın İranla bağlı hissəsində ölkədə etnik azlıqlarla bağlı hüquq pozuntuları da qeyd edilib.

ABŞ Dövlət Departamentinin hesabatında bildirilir ki, İran hökuməti ölkənin etnik azlıqları olan azərbaycanlılar, kürdlər, əhvaz ərəbləri, bəluclar və digər qrupların şikayətlərini dinləmir, onların tələblərini səsləndirməyə imkan vermir və fəalların həbsi də daxil olmaqla onları təqib edir.

Hesabatda bildirilir ki, etnik azərbaycanlıların ölkə əhalisinin 18 milyondan çoxu, təxminən 24 faizini təşkil etməsinə və hökumətə ən çox inteqrasiya etmiş etnik qrup olmasına baxmayaraq, hökumət azərbaycanlı fəalların həbs edilməsi və Azərbaycan coğrafi adlarının dəyişdirilməsi də daxil olmaqla onları müxtəlif növ ayrıseçkiliyə məruz qoyur.

Bildirilir ki, İran rəsmiləri Abbas Lisani və Əlirza Fərşi də daxil olmaqla Azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələrini azlıq hüquqlarını təşviq etdikləri üçün hədəfə alır.

ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatının İranla bağlı hissəsini şərh edən güneyli fəal, Vaşinqton Universitetinin sosiologiya üzrə doktorantı Ramin Cabbarlı Amerikanın Səsinə bildirdi ki, bu hesabatda etnik azlıqlar haqda çox qısa məlumat gedib.

“Məsələn Əkbər Nəimi kimi 8 il, 9 il həbs cəzası alan fəallar var, işgəncə olunanlar olar, mədəniyyət sahəsində, dil ilə bağlı olan ayrıseçkiliklər var. Əslində azərbaycanlıların İranda haqlarının pozulması ilə bağlı məsələlərə geniş yer verilməyib. Başqa məsələlərdən biri Urmu gölü ətrafında azərbaycanlılara qarşı kütləvi ədalətsizlikdir. O barədə hesabatda qeyd edilməyib” – deyə, Ramin Cabbarlı bildirir.

Ramin Cabbarlı əlavə edir ki, bu cür hesabatlarda İrandakı etnik azərbaycanlılar haqda danışılanda söhbət bir neçə yalnış və təkrar edilən fərziyyələr üzərində qurulur: “Məsələn, etnik azərbaycanlıların həqiqi sayı haqda heç bir statistik məlumat yoxdur və ya onların hökumətə ən çox inteqrasiya etmiş etnik qrup olmasının hansı fakt əsasında yazılması da aydın deyil.”

Ramin Cabbarlı qeyd edir ki, son illər sosial media sayəsində İranda etnik azlıqların probleminin mətbuatda işıqlandırılması artsa da, bu, real vəziyyətin müsbət tərəfə dəyişməsinə təsir etməyib.

XS
SM
MD
LG