“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı Naxçıvan Muxtar Respublikasında jurnalist və hüquq müdafiəçisi Həkimeldostu Mehdiyevin təqib olunması ilə əlaqədar son bir həftə ərzində ikinci bəyanatla çıxış edib.
Turan agentliyinin məlumatına görə, Naxçıvan prokurorluğu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun müxbiri Mehdiyevi CM-in 189-1-ci (elektrik enerjisi oğurlama) maddəsi ilə ittiham edib. Prokurorluq cənab Mehdiyevdən Şərur rayonunun hüdudlarını tərk etməmək haqqında iltizam alıb. Təqsiri təsdiq edilərsə, onu 3 min manat cərimə və ya islah işləri gözləyir.
“Biz bir daha hakimiyyəti yeganə məqsədi Mehdiyevi təqib etmək olan bu cəfəng işə son qoymağa çağırırıq”, - deyə bəyanatda qeyd edilib.
Sərhədsiz reportyorlar həmçinin iki həftədən çoxdur hakimiyyətin cənab Mehdiyevin evində elektrik enerjisini kəsdiyini xatırladır.
Buna səbəb, Həkimeldostu Mehdiyevin iyulun əvvəllərində alman jurnalist Mixael Lüdviqin Naxçıvana ezamiyyəti zamanı ona yardım etməsi olub. Naxçıvan hakimiyyəti hər yolla alman jurnalistə mane olmağa çalışıb, lakin Mehdiyevin köməyi sayəsində o, öz işini yekunlaşdırmağa müvəffəq olub.
Öz növbəsində, Şərur rayonun yerli hakimiyyət orqanları jurnalistin təqib olunması ilə bağlı deyilənlərə münasibət bildirməyib.