Accessibility links

Cənubi Koreya: Şimali Koreya daha iki ballistik raketini sınaqdan keçirib


Cənubi Koreya cümə günü Şimali Koreyanın daha iki ballistik raket atdığını bildirib. Bununla Pxenyan yeni ildə üçüncü raket sınağı olub.

Bu, Şimali Koreyanın Xarici İşlər Nazirliyinin ABŞ-ın əvvəlki raket sınaqlarına görə sanksiyalar tətbiq etməsinə cavab olaraq “daha güclü” tədbirlər barədə xəbərdarlığından bir neçə saat sonra baş verib.

Bu sınaqları yaxından izləyən Cənubi Koreya ordusu Şimalın iki qısamənzilli ballistik raketini cümə günü günortadan sonra Şimali Pyonqan vilayətində atdığını bildirib.

Bundan əvvəl Yaponiyanın Kyodo xəbər agentliyi sınaqda tək ballistik raketin atıldığını və onun Yaponiyanın eksklüziv iqtisadi zonasının kənarına düşdüyünü bildirmişdi.

Yaponiya ilə Cənubi Koreyanın məlumatları arasındakı uyğunsuzluğun səbəbi aydın deyil.

Şimali Koreya son 10 gün ərzində ayrı-ayrılıqda üç buraxılış zamanı artıq dörd raketi sınaqdan keçirib ki, bu, ABŞ-la Şimali Koreya münasibətlərinin həddən artıq gərgin olduğu 2017-ci ili xatırladır.

Əvvəlki iki sınaq zamanı Şimali Koreyanın hipersonik raketlərdən istifadə etdiyi iddia edilirdi. Hərbi təhlilçilər Şimali Koreyanın bu sahədə öz imkanlarını şişirtdiyini desələr də, bu cür silahlar ABŞ-ın raketdən müdafiə sistemlərinin onları aşkar etməsi və qarşısını almasını çətinləşdirir.

Şimali Koreyanın cümə günü hansı raketlərini sınaqdan keçirdiyi bəlli deyil. Adətən Şimali Koreya növbəti gün dövlət qəzetlərində nəşr olunana qədər belə məlumatları açıqlamır.

Birləşmiş Ştatlar bu həftə Şimali Koreyanın sınaqlarını daha sərt şəkildə pisləyib. O, həmçinin Pxenyana silah proqramı üçün təchizat almağa yardım etdiyi iddia edilən beş Şimali koreyalıya birtərəfli sanksiyalar tətbiq edib.

Cümə axşamı verdiyi müsahibədə ABŞ dövlət katibi Antoni Blinken Şimali Koreyanın sınaqlarını “sabitliyi dərindən pozduğunu” söyləyib və qismən “diqqət çəkmək” məqsədi daşıdığını deyib.

Cümə günü, sonuncu sınağından əvvəl Şimali Koreyanın Xarici İşlər Nazirliyi Vaşinqtonu tənqid atəşinə tutaraq, birtərəfli sanksiyalar tətbiq etməklə ABŞ-ı “vəziyyəti qəsdən gərginləşdirməkdə” ittiham edib.

XS
SM
MD
LG