Rumıniyanın "Grampet Group" və Qazaxıstanın "İstkomtrans" şirkətləri "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 22-də Bakıda "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" (BTNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
Yığıncaqda ilin 9 ayı ərzində BTNM üzrə yüklərin konteynerlərdə daşınması planının icrası müzakirə edilib. Tərəflər yük daşıyanların və operatorların çatdırılma müddətlərinə görə qarşılıqlı cavabdehliyin müəyyən edilməsi haqqında işi davam etdirib. Qazaxıstandan Gürcüstan limanları vasitəsilə taxıl yüklərinin zəmanətli daşınma həcminə yenidən baxılıb.
Mətbuat Xidməti bildirir ki, müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan səmərəli istifadəsi, dəhlizin potensialından istifadə edilməsinin, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb, tarif dərəcələri üzrə məlumatın Assosiasiyanın və onun üzvlərinin saytlarında yerləşdirilməsinin formatı tərtib olunaraq razılaşdırılıb.
BTNM Asiyadan Avropaya və əks istiqamətdə bütün iştirakçıların marşrut boyunca yükün daşınmasında qarşılıqlı əlaqələndirilməni və informasiya dəstəyini təmin etmək üçün nəzərdə tutulub.
2013-cü ilin noyabrında Astanada "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu"nun inkişafı üzrə Koordinasiya Komitəsinin yaradılması haqqında Saziş imzalanıb. 2016-cı ilin dekabrında "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu"nun Koordinasiya Komitəsinin iştirakçıları (Qazaxıstan, Azərbaycan, Gürcüstan) BTNM Beynəlxalq Assosiasiyasının yaradılması barədə qərar qəbul ediblər.