Accessibility links

Minqəçevirdə aksiya iştirakçıları ilə polis arasında toqquşma olub [Video] (Yenilənib)


Mingəçevirdə toqquşma olub
Mingəçevirdə toqquşma olub

Səbəb Mingəçevir şəhər Polis Şöbəsində Bəhruz Hacıyevin ölməsi olub

Avqustun 22-də Mingəçevirdə etiraz aksiyasının dağıdılması zamanı 21 nəfər saxlanılıb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin Mingəçevirdə baş verən hadisələrlə bağlı rəsmi açıqlamasında bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir Polis Şöbəsinə gətirilmiş şəhər sakini Bəhruz Hacıyev inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən atıb.

Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə tibbi eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.

Mətbuat xidməti bildirir ki, hazırda faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və istintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Mətbuat xidmətinin digər məlumatında isə deyilir ki, avqustun 22-də dəfn mərasimindən sonra bir qrup sakin ictimai asayişi kobud şəkildə pozaraq polisin qanuni tələblərinə tabe olmadan xuliqanlıq hərəkətlərinə yol verib və şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstərib.

Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınarkən 4 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şəhər Polis Şöbəsinin bir avtomobili yarasız hala salınıb.

İctimai asayişi pozan 21 nəfər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib.

“Baş vermiş bədbəxt hadisədən təəssüfləndiyimizi bildirir və mərhum Bəhruz Hacıyevin valideynlərinə baş sağlığı veririk. Eyni zamanda, diqqətə çatdırırıq ki, bu hadisədən sui-istifadə edən destruktiv elementlərin təhriki ilə şəhərdə ictimai qaydanı və sabitliyi pozmağa cəhdlərin qarşısı qətiyyətlə alınacaq, təqsirkar şəxslər barədə qanunvericiliyə uyğun tədbir görüləcək”.

Yerli mənbələrin məlumatına görə şəhərdə gərginlik qalmaqdadır. Amma polis mərkəzi kücələri nəzarətə götürüb.

***

Avqustun 20-də Bakıdan 275 km qərbdə yerləşən Mingəçevir şəhər Polis Şöbəsində ölüm hadisəsi olub.

Bu gün isə polis şöbəsində ölmüş Bəhruz Hacıyevin dəfnindən sonra etirazçılarla polis arasında yaranmış qarşıdurmada polis güc tətbiq edib.

AzadlıqRadiousunun məlumatına görə, polis əvvəlcə etirazçılardan yolu boşaltmağı tələb edib. Aksiyaçılar yolu boşaltmayıb. Bundan sonra polis dəyənəklərlə qalxanlara vura-vura aksiyaçılara yaxınlaşıb. Etirazçıları dağıtmağa, döyməyə, tutmağa başlayıb.

Polis şöbəsinin qarşısına yürüş edənlər "Qardaşımızın qanı yerdə qalmayacaq!", "Qanını yerdə qoymayacağıq!" şüarları səsləndirib.

Polis mağazaların qarşısında dayanmış adamlardan içəri keçməyi tələb edib.

Çevik Polis Alayının polisləri isə səs bombası, gözyaşardıcı qazdan istifadə edib.

Mərhumun yaxınları bildirib ki, Bəhruz Hacıyevin ölümünə görə yerli polis idarəsinin rəisi Ələsgər Bədəlov məsuliyyət daşıyır, o cəzalanmalıdır.

Aksiyaçılar etirazların davam edəcəyini bildirir.

Meydan TV-nin məlumatına görə, 15 nəfərə yaxın şəxs həbs olunub. Çevik Polis Alayı şəhərin mərkəzini əhatəyə alıb.

Bəhruz Hacıyevin ailəsindən Meydan TV-yə verilən məlumata görə, indi kəndin qadınları həbs olunan gəncləri azad etdirmək üçün aksiyaya dəstək verəcəklər. Onlar hazırda polis şöbəsinin qarşısına getmək üçün toplaşıblar.

XS
SM
MD
LG