Martın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb.
APA agentliyinin məlumatına görə, məhkəmənin qərarı ilə Xətai Rayon Məhkəməsinin qərarı qismən ləğv edilib və Ülkər İsayevaya qarşı fiziki zor tətbiq edən iki qardaşdan biri - Zaur Məmmədov barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən xuliqanlıq təkrar törədildikdə ) maddəsinə əsasən həbs qətiimkan tədbiri seçilib. Onun qardaşı Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı martın 18-də yaydığı açıqlamada qızının bir neçə gün əvvəl Bakıda döyülməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Mənim qızım öz rəfiqələri və dostları ilə bərabər 8 Mart bayramını qeyd ediblər. Sonda, dağılışanda qızları evlərinə ötürərkən mənim qızım olan maşına məclisdə iştirak edən Katya adlı bir qızı da götürürlər ki, onu da yaşadığı yerə buraxsınlar. Yolda həmin qız, yəqin ki, bir qədər içkili olduğundan, söyüşlər söyür, tərbiyəsiz sözlər işlədir. Maşındakı oğlanlar hirslənir, maşını saxlayaraq onu düşürürlər.
Həmin qızla necə rəftar olunduğu kamera görüntülərində var. Bu kamera görüntülərinin mənim qızıma heç bir aidiyyəti yoxdur. Bundan sonra oğlanlar hüquq-mühafizə orqanları tərəfindən dindirilir və etdikləri hərəkətlərə görə cəzalandırılacaqları bildirilir. Mənim qızım da dostlarını cəzadan xilas etmək üçün ifadə verərək “kamera görüntülərindəki o qız mənəm və heç bir şikayətim yoxdur”, deyir. Qızımın günahı da məhz budur.
Sonra həmin video görüntülər məhkəmə işçisi, mümkündür ki, müstəntiq tərəfindən mətbuata ötürülür, internetə qoyulur, bununla da həqiqətə uyğun olmayan, yanlış informasiya yayılır”.
Xatırladaq ki, hadisə martın 9-da gecə saat 4.25 radələrində Bakının mrəkəzi küçələrindən birində baş verib. Hadisədən sonra Bakı şəhər Baş Polis İdarəsi qardaşlar barədə cinayət işi qaldırıb. Bakı şəhər Prokurorluğu Ülkər İsayevanı fiziki işgəncəyə məruz qoyanlar barədə həbs qətimkan tədbiri seçilməsi üçün Xətai Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə təqdimatı təmin etməyib və qardaşları azad edib.