Accessibility links

“Sonuncu” filmi qalibdir [Video]


"Sonuncu" filmi
"Sonuncu" filmi

Film Türkiyənin İzmir şəhərində keçirilən 15-ci Beynəlxalq Qısametrajlı Film Festivalında Ən Yaxşı Xarici Film seçilib

Türkiyənin İzmir şəhərində keçirilən 15-ci Beynəlxalq Qısametrajlı Film Festivalında Azərbaycanın “Sonuncu” filmi ilin Ən Yaxşı Xarici Filmi seçilib.

Bu il Festivala 63 ölkədən 1100 qısametrajlı film qatılıb. Bu filmlərdən yalnız 10 film final mərhələsinə keçib. 5 gün davam edən festival çərçivəsində finala çıxmış filmlərlə yanaşı yerli və xarici tamaşaçılara 200 qısa film nümayiş olunub. Qeyd etmək lazımdır ki, İzmir Festivalı Türkiyənin ən prestijli qısametrajlı film festivalı hesab olunur və hər il bura 8 minə qədər tamaşaçı qatılır.

2014-cü il Türkiyə kinomotoqrafiyasının 100 illiyi kimi qeyd olunur və bu səbəbdən 15-ci İzmir Beynəlxalq Qısametrajlı Film Festivalı bu il xüsusi əhəmiyyət kəsb edib. Festivalın jürisi tanınmış yerli və xarici kino peşəkarlarından ibarət idi. Qaliblər xüsusi təntənəli Qala Gecədə elan olunub.

“Sonuncu” filmi Ən Yaxşı Xarici Film kateqoriyasında birinci yeri tutmaqla qalib seçilib və festivalın “Qızıl Pişik” mükafatına layiq görülüb. Mükafat İzmirin bələdiyyə rəhbəri tərəfindən Buta İncəsənət Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə direktoru Fuad Hətəmova təqdim olunub.

İzmir kinofestivalı jürisinin prezidenti, Türkiyənin məşhur rejissoru Tunç Başaran “Sonuncu” filmi haqda bunları deyib:

“Film çox yüksək səviyyədə və peşəkarlıqla çəkilib. Bunu hər bir detalda – rejissor və operator işində, həmçinin filmin dərin emosional mənasında və gözəl musiqisində hiss etmək mümkündür. Finalda digər güclü xarici filmlərin olmasına baxmayaraq, “Sonuncu” bizə çox təsir etdi. Mən hesab edirəm ki, bu ilk növbədə filmin prodüsserlərinin böyük əməyinin nəticəsidir. Filmin bütün kollektivini bu gözəl qələbə ilə təbrik edirəm”.

“Sonuncu” filminin rejissoru Sergey Pikalov, operatoru Denis Madişevdir, prodüsserlər Nəsib Piriyev və Mariya İvanovadır. Filmdə baş rollarda azərbaycanlı aktyorlar - İdris Rüstəmov və Corc Qafarov çəkilib.

Qeyd etmək lazımdır ki, Buta İM üçün 2014-cü il xüsusi olmuşdur. Tarixdə ilk dəfə Rusiya-Azərbaycan komandasının prodüserləşdirdiyi “Sonuncu” filmi Kann Kinofestivalının əsas müsabiqə proqramına daxil edilib. “Buta Films” və “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalı olan “Sonuncu”nun fəlsəfi məsəli xarici peşəkarların ən yüksək qiymətlərinə layiq görülüb.

Bu dərin və orijinal dramanın çəkilişi Bakıdan 120 kilometr aralıda yerləşən Şabran şəhərində, Sura kəndində aparılıb.

XS
SM
MD
LG