Accessibility links

Son bir ildə mina partlayışı nəticəsində 7073 nəfər zərər çəkib


Noyabrın 16-dan 19-dək Haaqa (Niderland) şəhərində "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi" haqqında BMT Konvensiyasına üzv dövlətlərin 19-cu illik konfransı keçirilir.

Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi məlumat yayıb.

Konfransda Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya “Landmine Monitor Report 2021” hesabatını ictimaiyyətə təqdim edib.

Hesabatda bildirilir ki, dünyanın 80% ölkəsi yəni 164 ölkə "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi" haqqında Konvensiyaya qoşulub. 33 dövlət o cümlədən də Cənubi Qafqaz ölkələri bu Konvensiyaya qoşulmayıb.

“Artıq 6-cı ildir ki, minaların və müharibənin partlayıcı qalıqlarından zərər çəkənlərin sayı artmaqdadır və hesabat dövründə 7073 nəfər qeydə alınıb. İtkilərin böyük əksəriyyətini (80%) mülki şəxslər təşkil edir, bunun da təxminən yarısı uşaqlardır,” sənəddə qeyd edilir.

Konvensiya üzv dövlətlərdən Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi 100 kvadrat kilometrdən çox) daha çox minaların təsirinə məruz qalıb.

Donorlar tərəfindən beynəlxalq səviyyədə 643.5 milyon ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub.

Son hesabatda bildirilir ki, 38 ölkənin ərazisində və 3 qeyri-dövlət ərazisində minaların məhv edilməsi əməliyyatları aparılıb. Hesabat dövründə 146 kvadrat kilometr ərazi minalardan təmizlənib. 135 500 ədəd mina tapılaraq məhv edilib. Ərazisini minalardan tam azad elan edən ölkələrin sayı 31-dir.

Hesabat dövründə 106 500 ədəd mina, ümumiyyətlə isə konvensiya imzalandıqdan sonra ehtiyatlarda olan 55 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirib, yalnız 12 ölkədə istehsal hələ də qalmaqdadır.

Hesabatda bildirilir ki, Azərbaycan minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmayıb.

Azərbaycan rəsmi olaraq bildirib ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi" haqqında Konvensiyaya qoşula bilməyib.

“Azərbaycan yeni minaların qoyulmasını həyata keçirməyib. Bu səbəbdən də Azərbaycan yalnız Ermənistanla sülh sazişi imzalandıqdan sonra bu Konvensiyaya qoşula bilər. Buna baxmayaraq Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlmiş və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir. Azərbaycan dəfələrlə bildirmişdir ki, piyadalar əleyhinə mina istehsal və eksport etmir,” Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov qeyd edib.

Hesabatda deyilir ki, 2021-ci il iyunun 12-də Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycan tərəfi Ermənistanın azad edilmiş Ağdam rayonunda yerləşdirilən 97 minə yaxın minanın yerini göstərən xəritələri təqdim etməsi müqabilində saxlanılan 15 erməni bu ölkəyə təhvil verilib.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan bu ilin müvafiq dövrünədək həmin ərazilərdə minaya düşmələri nəticəsində 25 mülki şəxs həlak olub, 36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG