Moqadişuda iki avtomobillə edilən bomba hücumlarından bir gün sonra, cümə günü Somali paytaxtınin küçələrində atışma davam edib.
Rəsmilər bomba hücumları və təhlükəsizlik qüvvələri ilə militantlar arasındakı qarşıdurma zamanı 30-a yaxın insanın öldüyünü, onlarla insanın yaralandığını bildirib.
Bombalardan biri paytaxtın Maka Əl-Mükarama küçəsində onlarla insanın mehmanxanalar və restoranların qarşısında oturduğu vaxt partladılıb.
Hücumların məsuliyyətini Əl-Qaidə ilə bağlılığı olan terrorçu Əl-Şəbab qrupu üzərinə götürüb. Əl-Şəbabın sözçüsü Reuters xəbər agentliyinə “Maka Əlmükərrama” mehmanxanasının qrupun nəzarətində olduğunu deyib.
İkinci bomba isə bir saat sonra Moqadişunun izdihamlı K-4 küçəsindəki mehmanxana qarşısında partladılıb.
Xilasedicilərin dediyinə görə, bir neçə binanın dağılmasına səbəb olan birinci partlayış zamanı ölənlərin sayı daha çox ola bilər.