“Azərbaycan açıq və demokratik ölkədir. Hər bir kəs ölkəyə gələ bilər. Məruzəçi kimi gələnin isə əlində mandatı olmalıdır. Azərbaycanda siyasi məhbus məsələsi bu gün Avropa Şurasının gündəliyindən çıxarılıb. Söhbət Avropada siyasi məhbus anlayışından gedir. Məruzəçi bu mandatla Azərbaycana gələ bilər”, - Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin rəhbəri Səməd Seyidov jurnalistlərin ölkədə siyasi məhbus problemi və məruzəçi Kristofer Ştrasserin ölkəyə buraxılmaması ilə bağlı sualının cavabında bildirib.
Komitə sədri eyni zamanda deyib ki, Azərbaycanla Avropa Şurası arasında münasibətləri korlamaq istəyən qüvvələr var: “Biz heç kəsin Azərbaycana gəlməsinin qarşısını almırıq. Başqa ölkələrdə insan haqlarının pozulmasını görməyib, bunu Azərbaycanda axtaranlara isə imkan yaratmayacağıq”. Onun sözlərinə görə, bu ilin martında AŞPA İnsan haqları, Monitorinq və Siyasi komitələrinin Parisdə iclasları keçiriləcək. İclasda Monitorinq Komitəsinin üzvləri Azərbaycanla bağlı hesabatla çıxış edəcəklər. “Azərbaycanın mövqeyi AŞ ilə əməkdaşlıq etməkdir. Ancaq Avropa Şurasında hansısa qüvvələr insan haqlarından istifadə edərək təzyiq göstərəcəksə, buna qarşı olacağıq”, - S.Seyidov qeyd edib. O, Azərbaycan nümayəndə heyətinin AŞPA-nın qış sessiyasına Xocalı soyqırımının tanınması üçün məruzə hazırladığını bildirib.