"Norveçin Azərbaycanda səfirliyini bağlaması barədə qərarı təəssüf doğurur, lakin, bu, Norveç hökumətinin qərarıdır”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Norveç hökumətinin Azərbaycanda səfirliyini bağlayacağı ilə bağlı məlumatına münasibət bildirirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir.
“Bu ölkənin ən iri enerji şirkəti olan "Equinor" (əvvəlki "Statoil") 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən biridir və “Əsrin müqaviləsi”nin iştirakçısı olub. Norveçli vikinqlərlə azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəlifi - Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib. Bizdə olan məlumata görə, hazırda Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir. Lakin bu təmsilçiliyin yalnız fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələlik tam aydın deyil", Abdullayeva qeyd edib.
Mətbuat katibi yerli mediada Azərbaycanın İsveçdə səfirliyini bağlayacağı ilə bağlı yayılan xəbərləri təkzib edib.
“Biz hər hansı bir yerdə, o cümlədən Azərbaycanın İsveçdəki səfirliyini bağlamaq niyyətində deyilik. “Bir kərə yüksələn bayraq, bir daha enməz” prinsipi suveren və müstəqil dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir.
Əksinə, Azərbaycanın həyata keçirdiyi çox fəal xarici siyasəti və beynəxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq, xaricdəki nümayəndəliklərimizin sayını hətta daha da artırmaq niyyətindəyik", Abdullayeva deyib.