Accessibility links

Daxili İşlər nazirliyi Hüseyn Abdullayev Azərbaycana gətirilməsini təsdiq edib [Yenilənib]


Keçmiş deputat Hüseyn Abdullayev Türkiyədə saxlanılıb və Azərbaycana gətirilib.

Məlumatı Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti Amerikanın Səsinə təsdiqləyib.

Abdullayev İnterpol xətti ilə saxlanılıb, Bakıya gətirilib və Vergilər Nazirliyinin İstintaq İdarəsinə təhvil verilib.

2012-ci ildə Abdullayev barəsində böyük ölçüdə külli miqdarda vergi ödəməkdən yayınma (Cinayət Məcəlləsinin 213.2.2 maddəsi) ittihamı ilə cinayət işi açılıb və barəsində axtarış elan edilib.

***

Almaniyada mühacirətdə olan, Milli Məclisin keçmiş deputatı Hüseyn Abdullayevin Türkiyədə saxlanılaraq dərhal Azərbaycana gətirildiyi barədə sosial şəbəkələrdə və yerli saytlarda məlumatlar yayılıb.

Azərbaycanın rəsmi qurumları yayılan xəbələrə hələ münsaibət bildirməyib. Daim sosial şəbəkələrdə fəal olan Hüseyn Abdullayevin özü də son günlər hər hansı status paylaşmayıb.

Hüseyn Abdullayev 1990-cı illərdən biznes fəaliyyəti ilə ictimai diqqətə gəlib və hazırki iqtidarın qatı tərəfdalarından olub. Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilib.

O 2007-ci ilin martında parlamentdə Nazirlər Kabinetinin illik hesabatı zamanı hökumətin fəaliyyətini tənqid edib. Abdullayevin tənqidi çıxışı digər deputatla münaqişəyə səbəb olub və parlamentin iclas zalında yumruqlaşma ilə başa çatıb. Bundan sonra o həbs edilib. Bir müddət sonra həbsdən azad edilərək Almaniyaya mühacirətə gedib. O mühaciərtə gedəndən sonra yenidən barəsində cinayət işi açılıb və “İnterpol” tərəfindən beynəlxalq axtarışa verilib.

“Lakin buna baxmayaraq, vəkillərim İnterpolla yazışmalar apardı və heç bir dəlil-sübut olmadığından barəmdəki axtarışa xitam verildi”, Abdullayevin özü internet səhifəsində yazıb.

Hüseyn Abdullayev mühacirətə gedəndən sonra hazırki iqtidarın kəskin tənqidçisinə çevrilib. O həm də iqtidarın əleyhinə mahnılar bəstələyib. Abdullayevin iqtidarın siyasətinə etiraz edən “Susma” marşı sosial şəbəkələrdə geniş yayılıb.

Hüseyn Abdullayev bu il keçirilən prezident seçkilərində iştirak edəcəyi ilə bağlı facebook səhifəsində status da yazıb.

“ 2018-ci ildə prezident seçkilərinə öz namizədliyimi irəli sürmüşəm. Əgər xalq mənə etimad göstərib səs verərək prezident seçərsə, söz verirəm ki, neftdən gələn gəlirdən hər ailəyə 100 min manat pul paylayacağam”, o qeyd edib.

Xatırladaq ki, Beynəlxalq İnsan Hüquqları Konvensiyası siyasi sığınacaq almış şəxsin ölkəsinə qaytarılmasını qadağan edir. Ölkələrin bu öhdəliklərinə baxmayaraq son illərdə jurnalist Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana gətirilib və Azərbaycanda məhkəmədən sonra bir Türkiyə vətəndaşının Türkiyəyə aparıldığı barədə yerli media məlumat yayıb. Niderlandda siyasi sığınacaq almış jurnalist Fikrət Hüseynli 2017-ci ildə Ukraynada saxlanılıb. Lakin Ukryna məhkəməsi Hüseynlinin Azərbaycana ekstradisiyasına icazə verməyib. O altı ay Ukraynada qaldıqdan sonra nəhayət Nideralda qayıda bilib.

XS
SM
MD
LG