Accessibility links

Elmar Məmmədyarov: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı daha da güclənəcək


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

"Bu iki gün ərzində biz Qoşulmama Hərəkatını (QH) maraqlandıran və birgə narahatlıq doğuran mövcud, yeni və meydana çıxmaqda olan məsələləri müzakirə etdik".

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bunu aprelin 5-6-da Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransındakı yekun nitqində bildirib.

E.Məmmədyarov deyib ki, dünyadakı böhran, təhdid və çağırışlar dövlətlərin iqtisadi inkişaf, təhlükəsizlik, insan hüquqları, qanunun aliliyi kimi dəyərlərdən istifadəsinə əngəl yaradır.

Nazir bildirib ki, Hərəkat bütün bu hallara prinsipial mövqe sərgiləyib. "Biz bir daha təsdiq etdik ki, beynəlxalq münasibətlərin subyektlərinin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn norma və prinsiplərinə laqeyd yanaşması ciddi narahatlığa və qınağa səbəb olan məsələdir.

Biz əminik ki, Bakı Nazirlər Konfransının yekun sənədi beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa töhfə verəcəkdir".

Qoşulmama Hərəkatının Bakı konfransı
Qoşulmama Hərəkatının Bakı konfransı

E.Məmmədyarov növbəti sədi kimi Azərbaycanın Hərəkatı daha da gücləndirəcəyini söyləyib.

Nazir əminliyini bildirib ki, qəbul edilmiş yekun sənəddə də təsdiqləndiyi kimi, Hərəkat sülh, sabitlik, inkişafa nail olmaq kimi birgə istəyini birləşdirəcək.

Qoşulmama Hərəkatının aprelin 5-6-da Bakıda keçirilən 18-ci aralıq nazirlər konfransının yekununda qəbul edilmiş Bakı Bəyannaməsində Bakı şəhərinin Expo-2025-ə namizədliyi alqışlanıb.

Sənəddə Azərbaycanın Qoşulmama Hərəkatının 2019-cu ildə XVIII zirvə toplantısına ev sahibliyi etmək təklifi müsbət qəbul edilib.

Hərəkata üxv dövlətlərBMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü bildirib.Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq edib və tərəfləri münaqişəni Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırıb.

Qoşilmama Hərəkatının Bakı konfransında 120 üzv ölkədən və beynəlxalq təşkilatlardan 800-dən çox nümayəndə iştirak edib.

XS
SM
MD
LG