Accessibility links

Siyasi məhbusların yeni siyahısı - 112 nəfər


Noyabrın 25-də siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrupu yenilənmiş siyahını dərc edib. Siyahıya 112 nəfərin adı daxil edilib. Daha 11 nəfərin işi monitorinq altındadır.

112 nəfər aşağıdakı qruplara ayrılıb:

- 5-i jurnalist və bloger (Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov),

- 7 siyasi və ictimai fəal (Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov),

- 45 inanclı fəal - bu qrupa “Nardaran işi” üzrə həbs edilənlər, İslam Partiyasının lideri Mövsüm Səmədovla birlikdə həbs edilənlər və digərləri daxildir,

- 3 nəfər ömürlük həbs cəzasına məhkum olunmuş (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),

- 1 nəfər siyasi girov - Emin Saqiyev - o, siyasi mühacirətdə olan müxalif jurnalist Türkel Azərtürkün qohumudur,

- 3 nəfər - Səid Dadaşbəyli və onunla birgə tutulanlar,

- 48 nəfərdən ibarət böyük bir qrup “Gəncə işi” ilə bağlı tutulanlardır,

Monitorinq altında olan 11 nəfərə gəlincə, onların 9-u “Gəncə işi” ilə bağlı həbs edilənlərdir. Bundan başqa qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edilmiş jurnalist Şəfəq Ağabalayevanın (Ağacan) və qardaşı siyasi mühacirətdə olan, Azərbaycan hakimiyyətini kəskin tənqid edən idmançı Renad Əliyevin işi də monitorinq altındadır.

Əvvəlki hesabatdan (3 sentyabr) sonrakı dövr ərzində 8 nəfər azadlığa çıxıb. Onlardan 5-nin, o cümlədən “Gəncə işi”nin 4 fiqurantının və hüquq müdafiəçisi Əliabbas Rüstəmovun cəzası yüngülləşdirilib.

AXCP fəalı Asif Yusifli də daxil olmaqla, daha üç nəfər cəza müddəti başa çatdığına görə azadlığa buraxılıb.

Bundan başqa, "Gəncə işi" üzrə həbs edilmiş Eşqin Quliyev həbsxanada xəstəlikdən dünyasını dəyişib.

Siyahıya iki nəfərin - AXCP fəalı Paşa Ümidovun və Aqşin Əsgərovun adı daxil edilib.

Bundan başqa, İşçi Qrup siyasi motivli inzibati həbslərin sayının artdığını qeyd edir. Belə ki, müxalifətin 19 oktyabr aksiyası ərəfəsində və aksiyadan sonar 40-a yaxın fəal həbs edilib.

İşçi Qrupu qeyd edir ki, siyasi motivli inzibati həbslər adi vərdişə çevrilir. İlin əvvəllərindən 100 nəfərə yaxın insan həbs edilib.

İşçi Qrup beynəlxalq ictimaiyyəti bu bədnam təcrübəyə son qoymaq məqsədilə Azərbayan hökumətinə təzyiq göstərməyə çağırır.

İşçi Qrupuna Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri, o cümlədən İntiqam Əliyev, Anar Məmmədli, Xədicə İsmayılova, Rövşən Hacıbəyli və başqaları daxildir.

Xatırladaq ki, bu il noyabrın 6-da Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq da (ASMAUİ) siyasi motivlərlə mühakimə olunanların yenilənmiş siyahısını açıqlayıb. Həmin siyahıda 135 nəfərin adı var.

SMAUİ 2018-ci ilin sonlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov, hüquq müdafiəçisi Hilal Məmmədov və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev tərəfindən yaradılıb.

Öz növbəsində rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu və siyasi əqidəsinə görə təqiblərin olmadığını bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir. Amnesty International ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG