Accessibility links

Siyasi məhbuslara azadlıq!- şüarı ilə aclıq aksiyası keçirilir


Siyasi məhbuslara azadlıq!- şüarı ilə aclıq aksiyası keçirilir
Siyasi məhbuslara azadlıq!- şüarı ilə aclıq aksiyası keçirilir

“Demokratiya, siyasi azadlıqlar, söz azadlığı, azad seçkilər uğrunda mübarizə aparan insanların sifarişlə həbsinə dözə bilmirəm. Necə ola bilər ki, onlar həbsxanada, mən rahat döşəkdə yatım”, - deyə İbrahim Hacıbəyli bildirib.

Məhbus Ailələri Komitəsinin oktyabrın 14-də Müsavat Partiyasının qərargahında başlatdığı aclıq aksiyası davam edir. İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunan AXCP üzvü Elnur Məcidlinin atası, Məhbus Ailələri Komitəsinin sədri Arzuman Məcidli Amerikanın Səsi radiosuna bildirib ki, hazırda 6 nəfər aclıq aksiyası keçirir. “Mən və Müsavat Partiyasının üzvü Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli oktyabrın 14-də saat 9.00-dan aclığa başlamışıq. AXCP fəalı Dəyanət Babayev oktyabrın 15-dən, Müsavat Partiyasının üzvü Novruz Orucov oktyabrın 16-dan aksiyaya qoşulub. Oktyabrın 17-də AXCP sədrinin müavini, İctimai Palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədr müavini İradə Əliyeva aclığa başlayıb”.

O səhhətrində müəyyən problemlər olsa da, böyrəyinin birinin olmamasına baxmayaraq aclığı davam etdirdiyini deyib. “Təcili təxirəsalınmaz tibbi yardım xidməti hər zaman çağırışımıza gəlir və səhhətimizdə yaranan problemləri aradan qaldırmağa çalışır”, - deyə cənab Məcidli qeyd edib.

Aclıq aksiyası “Siyasi məhbuslara azadlıq!” şüarı ilə keçirilir və azadlıq, demokratiya uğrunda mübarizə aparan insanların həbsini siyasi sifariş hesab edirlər. “Mən oğlumu çətinliklə böyütmüşəm, təqaüdümlə onun təhsil pulunu vermişəm. Oğlum Rüfət Hacıbəyli Qərb Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. O qanunu, millətini və dövlətini sevən insandır. Demokratiya, siyasi azadlıqlar, söz azadlığı, azad seçkilər uğrunda mübarizə aparan insanların sifarişlə həbsinə dözə bilmirəm. Necə ola bilər ki, onlar həbsxanada, mən rahat döşəkdə yatım”, - deyə Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

O yaxın günlərdə ölüm aclığına başlayacağını deyib. “Mən hətta su içməkdən də imtina edəcəm”.

AXCP fəalı Dəyanət Babayev isə Amerikanın Səsi radiosuna bildirib ki, siyasi məhbuslar azad ediləndək aksiyanı davam etdirəcək. “İqtidar insanların səsini eşitmir. Siyasi opponentlərini, fəal, demokratik düşüncəli gəncləri həbs edir. Hökumət insanların səsini qəbul etmədiyindən, biz gənclər aclıq edərək canımıza qəsd edirik”, - deyə o qeyd edib.

Xatırladaq ki, İctimai Palatanın 2 aprel mitinqindən sonra 14 nəfər məhkum edilib. 2010-cu il parlament seçkilərindən sonra aprelin 2-dək isə Cabbar Savalan, Bəxtiyar Hacıyev, Vidadi İsgəndərli, Şahin Həsənli həbs olunub. Həbsdə 2005-ci il parlament seçkiləri zamanı həbs edilən siyasi fəallar da var. Hüquq-müdafiə təşkilatlarının məlumatlarına görə isə ümumilikdə ölkədə 70-dək siyasi motivlərlə həbs edilən məhkum var. Avropa Şurası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib. Mərizəçi indiyədək müxtəlif mülahizələrlə ölkəyə buraxılmayıb.

Öz növbəsində, rəsmi Bakı ölkədə insanların siyasi motivlərlə həbs edilmədiyini bildirir. Yüksək vəzifəli şəxslərin dediklərinə görə, hamı qanun qarşısında bərabərdir və müxalifət fəalları cinayət əməllərinə görə mühakimə edilib.

Bununla yanaşı, çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hökmlərini müxalifət fəallarını və siyasi motivlərlə həbs edilən insanları azad buraxmağa çağırıb.

XS
SM
MD
LG