Oktyabrın 23-də Şəmkir rayonunda saxlanılan Klassik Xalq Cəbhəsi Partiyasının fəalı Ceyhun Nəbi oktyabrın 26-da azadlığa buraxılıb.
Bu barədə Ceyhun Nəbinin özü Amerikanın Səsinə bildirib.
“Məni oktyabrın 26-da Bakı vaxtı ilə saat 15.30 radələrində azad buraxdılar”, o qeyd edib.
C.Nəbi deyib ki, onu oktyabrın 23-də Rusiyadan gəldikdən sonra Şəmkir rayonunda mülki geyimli şəxslər saxlayaraq yerli polis şöbəsinə və sonra isə Bakıya gətiriblər. Məni sosial şəbəkələrdəki fəaliyyətimlə bağlı saxladıqlarını bildirdilər. Orada cinayət işi qaldırılmadı, sadəcə araşdırma apardılar”, o qeyd edib.
C.Nəbi bildirib ki, araşdırma onların daxili işidir.
“Sadəcə araşdırdılar və azad etdilər. İstintaqda mənə sual verdilər və azad etdilər. Mənə qarşı qeyri-insani rəftar olmadı”, o qeyd edib.
Ceyhun Nəbi 3 ay Rusiyada qaldıqdan sonra oktyabrın 23-də yaşadığı Şəmkir rayonuna gəlib. Bir neçə saat sonra dostları ilə görüşmək üçün evdən çıxıb və bu zaman saxlanılıb.
Ceyhun Nəbi cümhuriyyət dövrünün araşdırıcısıdır, "Sovetlərlə üz-üzə" kitabının müəllifidir. Həmçinin Facebook-da Azərbaycan hakimiyyətini kəskin tənqidi fikirləri ilə fərqlənir.
Öz növbəsində, rəsmi qurumlar müxalifət fəalının saxlanılma səbəbləri ilə bağlı hələ hər hansı məlumat yaymayıb.