Accessibility links

İlham Şaban: Yaxın perspektivdə qaz nefti əvəzləyəcək əmtəəyə çevrilməyəcək [Video-Müsahibə]


İlham Şaban: Yaxın perspektivdə qaz nefti əvəzləyəcək əmtəəyə çevrilməyəcək
please wait

No media source currently available

0:00 0:07:58 0:00

“Neft Araşdırmaları” Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində dünya bazarında neftin qiymətinin kəskin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirləri, yaxın və uzaq perspektivdə ölkədə neft-qaz faktorunun rolundan danışıb.

Amerikanın Səsi: Dünya bazarında neftin qiymətinin kəskin düşməsi Azərbaycanın neft sənayesinə hansı təsirlər göstərib?

Əgər 2014-cü ildə xam neftin satışından Azərbaycanın mənfəəti, yəni Dövlət Neft Fonduna gələn gəlir 15,3 milyard dollar olmuşdursa, 2015-ci ilin altı ayında bu rəqəm 3,5 milyard olub.

İlham Şaban: Azərbaycan uzun illər qazancını neftdən götürüb və iqtisadiyyatı da neftdən asılı olub. Xam neftin ixracı 86-88 faiz dəyişib. Qiymətin azalması iqtisadiyyatda birbaşa öz əksini tapıb. Neft gəlirlərinin azalması həm Dövlət Neft Şirkətinin gəlirlərinin, həm də Azərbaycanın bir nömrəli hasilatçısı olan BP şirkətinin gəlirlərinin təqribən iki dəfə azalmasına gətirib çıxarıb. Bir misal çəkmək istərdim. 2014-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti 101 dollar idi. Ancaq indi bu, 53 dollardan bir qədər artıqdır. Əgər 2104-cü ildə xam neftin satışından Azərbaycanın mənfəəti, yəni Dövlət Neft Fonduna gələn gəlir 15,3 milyard dollar olmuşdursa, 2015-ci ilin altı ayında bu rəqəm 3,5 milyard olub. Düzdür, Azərbaycanın böyük layihələri qarşıda durur. Böyük layihələr deyəndə biz, ilk növbədə qaz sahəsində həyata keçirilən layihələri nəzərdə tuturuq. Bunlar Şahdəniz-2, Cənub Qaz Dəhlizi və Dövlət Neft Şirkətinin Türkiyədə həyata keçirdiyi layihələrdir. Bunlarda bir geriləmə yoxdur. Ancaq Dövlət Neft Şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələrdə zaman baxımından geriləmələr var.

Amerikanın Səsi: Növbəti illərdə Azərbaycanın enerji sektorunda hansı dəyişikliklər gözlənilir? Qaz nefti əvəz edə bilərmi?

2011-ci ildə Dövlət Neft Şirkətində 79 min insan çalışırdı. Artıq onların sayı 52 min nəfərədək azalıb. Ancaq, 2018-2019-ci iləcən işçilərin sayının 40 minədək azaldılması nəzərdə tutulur.

İlham Şaban: Yaxın perspektiv, yəni 5 ili götürsək enerji sektorunda ən böyük dəyişiklik ondan ibarət olacaq ki, Dövlət Neft Şirkəti öz strukturunda bir sıra dəyişiklik edir. Bu dəyişiklik ondan ibarətdir ki, ixtisarlar davam edəcək. İxtisarlar nəyə görə davam edir? Çünki Dövlət Neft Şirkəti beynəlxalq şirkətə çevrilmək kimi vəzifə qarşısına qoyub. Strukturlarını dövlət şirkətindən daha çox biznes şirkətinə yönəltməyə çalışır. 2011-ci ildə Dövlət Neft Şirkətində 79 min insan çalışırdı. Artıq onların sayı 52 min nəfərədək azalıb. Ancaq 2018-2019-ci illərəcən işçilərin sayının 40 minədək azaldılması nəzərdə tutulur. Yəni bu, normal bir plandır. İkinci bir tərəfdən Dövlət Neft Şirkəti istehsal prosesini avtomatlaşdırılmış sistemə keçirdiyindən ixtisarlar yaranır. Başqa bir tərəfdən, biz qeyd edirik ki, ölkə daha çox diqqəti qeyri-neft sektounun inkişafına yönəldir. Neft hasilatının aşağı düşdüyünü görərək daha çox qaza meyl edir. Ancaq orta perspektiv üçün anonslar verilir ki, Azəri-Çıraq-Günəşli yataqları üzrə ola bilsin gələn il yeni bir müqavilə imzalansın. Yəni neftin uzun ömürlülüyünü artırmaq istəyirlər. Bu müqavilənin müddəti 25 il olacaq və həmin yataqdan daha çox neft hasilatını əldə etmək üçün edilir. Bu onun göstəricisidir ki, Azərbaycan hökuməti real olaraq yenə neft sektoruna böyük investisiyalarda maraqlıdır. Bu sektorun yaxın və orta perspektivdə Azərbaycana gətirəcəyi dividentləri görür. Hökumət məhz bu sektora olan marağını gizlətmir. O ki, qaldı qaz məsələsinə, Şahdəniz-2 layihəsi çərçivəsində çıxarılan qaz ilk olaraq Türkiyə bazarına gedəcək. Avropa bazarına qazın çatdırılması isə növbəti 10 illik üçün, yəni 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulub. Bu çox iri kapitalyönümlü layihədir. Təbii, o kapitalqoyuluşlu layihə ilk növbədə şirkətlərin qoyduğu vəsaitin geri qaytarılmasına xidmət edəcək. Necə ki, neft layihələrində onlar bu sistemi keçib. Nəzərə alsaq ki, qazın qiyməti də neft qiymətlərinə bağlıdır. Dünya bazarında qazın qiyməti 2025-ci ilədək heç də baha olmayacaq. Demək, qazdan gələn gəlir də şirkətlər üçün o qədər də çox olmayacaq. Baxmayaraq ki, yaxın 10 ildə qazın həcmi 30 milyard kubmetr həcmə gəlib çatacaq, ancaq nefti qiymət, kapital baxımından əvəzləyəcək bir əmtəəyə çevrilməyəcək.

Amerikanın Səsi: Neft və qaz sənayesi yaxın və orta perspektivdə Azərbaycan iqtisadiyyatında hegemonluğunu saxlaya biləcəkmi?

Neft və qaz Azərbaycan iqtisadiyyatında bu gün hegemondur.

İlham Şaban: Neft və qaz Azərbaycan iqtisadiyyatında bu gün hegemondur. İkincisi bu sektora qeyri-neft sektoru ilə müqayisədə mənfəət, büdcəyə daxil olan vəsaitlər, ixracatdakı pay, insanların marağı kimi amilləri nəzərə alsaq yaxın 10 ildə ən cəlbedici sahə olaraq qalacaqdır. Həm də gənclər neft sahəsi ilə bağlı məktəblərə ən yüksək ballarla qəbul olurlar.

XS
SM
MD
LG