Accessibility links

Nardaran əməliyyatında iflic olan Əbülfəz Bünyadov məhkəmə zalında həbs edilib


İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə
2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü polis əməliyyatında güllələnib hərəkət qabiliyyətini tam itirmiş Əbülfəz Bünyadov məhkəmə zalında həbs olunub.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən, ev dustaqlığında olan Əbülfəz Bünyatov təcili yardım maşını ilə xərəkdə gətirilib.

Prosesdə hökm oxunub, Elxan Isgəndərov 14 il, Əbülfəz Bünyatov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Əbülfəz Bünyatov barəsində olan polis nəzəratətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub.

Aylardır məhkəməyə xərəkdə gətirilən, hakim qarşısına da bu vəziyyətdə çıxarılan Ə.Bünyadov ona verilən cəzanın ilk üç ilini Qobustandakı həbsxanada çəkməlidir. Hökmdə belə yazılıb.

Hökm elan olunmamışdan öncə E.İsgəndərov məhkəmədə son sözünü deyib. O, "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanmasına görə 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən etirazlarda iştiraka görə həbs olunub.

E.İsgəndərov son sözündə təqsirsiz olduğunu bildirib. Deyib ki, ittihamda yazılanların hamısı yalandır.

Təqsirləndirilən şəxslərdən E.İsgəndərovun vəkili Fariz Namazlı AzadlıqRadiosuna hökmün əsassız və qanunsuz olduğunu bildirib. Müdafiəçi hökmdən apellyasiya şikayəti verəcək.

Ə.Bünyadov "Müsəlman Birliyi" Hərəkatının İdarə Heyətinin üzvüdür.

Hərəkatın sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa ittihamlarla 10 ildən 20 ilədək azadlıqdan məhrum edilib.

T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi Ə.Bünyadov da saxlanılarkən və ondan sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG