İyulun 9-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarıyla vəkil Fuad Ağayevə töhmət verilib.
ReAl Partiyasının sədri İlqar Məmmədov, bloger Mehman Hüseynov və başqa ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən Fuad Ağayev Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında cəzalandırılıb.
Şikayətdə iddia olunub ki, Ağayev İlqar Məmmədovun saxlanəldığı 2 saylı cəzaçəkmə müəssisəsinin rəisini təhqir edib.
Fuad Ağayev onu əsassız sayır. O hesab edir ki, bu cür qərarlar vəkillərin fəaliyyətinin daha da məhdudlaşdırılmasına xidmət edir:
"İclasda əsaslı dəlillər ortaya qoyub, Penitensiar Xidmətin mənimlə bağlı şikayətinin əsassız olduğunu bildirdim. Hesab edirəm ki, bunu isbat etdim. Vəkilin müvəkkili üçün apardığı sənədlərə baxış keçirmək qanundan irəli gəlmir. Xüsusən də həmin sənədlərə baxış keçirib, onu geri qaytarmamaq, vəkilin fəaliyyətinə mane olmaq - ciddi pozuntudur. İclasda da dedim ki, vəkilləri sıxışdırmaq məqsədiylə göndərilən bu cür şikayətlər geri qaytarılmalı, qanunun tələbləri onlara izah edilməlidir. Mənim hüquqi əsasa söykənən mövqeyimi dinləsələr də, təəssüf ki, eşitmədilər və mənə töhmət verdilər. Hesab edirəm ki, bu, vəkillərin öz müvəkkillərinin hüquqlarını qoruyarkən daha qorxaq fəaliyyət göstərmələrinə zəmin yaradacaq qərardır. Bu cür qərarar vəkilləri istintaq orqanlarından, cəzaçəkmə müəssisələrindən asılı salmağa xidmət edir. Və bu, tək mənə aid deyil...", Ağayev AzadlıqRadiosuna bildirib.
Vəkillər Kollegiyası hələ Rəyasət Heyətinin vəkil Fuad Ağayevə töhmət verməsi ilə bağlı məlumat yaymayıb.
Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.
Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.