“Taleh hələ də Göyçay Rayon Polis Şöbəsində saxlanılır və buraxılmayıb”.
Bu barədə Göyçayda yaşayan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova bildirib.
G.Xasməmmədova dünən axşam saatlarında oğlu ilə əlaqə saxladığını söyləyib.
“Axşam idi, zəng etdi. Polisə müqavimət, xuliqanlıq etdiyinə görə saxlanması barədə deyilənləri əsassız adalandırdı. Mənə dedi ki, polis şöbəsinə gətiriləndən buradadır, bir də eşidir ki, polisə müqavimət göstərməsi, xuliqanlıq etməsi barədə xəbərlər yayırlar. Yayılan xəbərlərin bir daha həqitətə uyğun olmadığını söylədi”, ana qeyd edib.
G.Xasməmmədova bildirib ki, Taleh hələ də vəkilsizdir və Cinayət Məcəlləsinin 221-ci maddəsilə aprelin 20-də məhkəməyə aparılması ehtimalı var.
Göyçay Rayon Polis Şöbəsindən hadisə ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
Xatırladaq ki, T.Xasməmmədov aprelin 19-da səhər saatlarında idarə etdiyi avtomobilin cəriməsi olması adı ilə saxlanaraq polis şöbəsinə gətirilib.
Hüquq müdafiəçisinin saxlanması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, T.Xasməmmədov polis şöbəsində polislərə müqavimət göstərib, onlardan birinə xəsarət yetirib və xiliqanlıq edib.
Qeyd edək ki, T.Xasməmmədov buna qədər eyni maddələrlə 2011-ci və 2015-ci illərdə ittiham edilib. Birinci dəfə 2012-ci ildə, ikinci dəfə isə 2016-cı ildə dövlət başçısının əfv fərmanı ilə azadlığa çıxıb.
Beynəlxalq hüquq müdafiə təşkilatları T.Xasməmmədovu "vicdan məhbusu" kimi tanıyıb.
T.Xasməmmədov həm də Siyasi Məhbuslar Mərkəzinin üzvüdür.