Dekabrın 27-də Qobustan qapalı həbsxanasında saxlanılan “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırova yeni ittiham elan edilib.
Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.
O, dekabrın 27-də Taleh Bağırovla görüşüb.
“Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi tərəfindən mənim iştirakımla ona Cinayət Məcəlləsinin 317-2.1 maddəsi (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) ilə ittiham elan edildi. İttihama əsasən onun üzərindən 2017-ci il iyulun 31-də yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda Qurani Kərim, Quran təsviri və başqa məlumatların olmasını göstərib, vəkil qeyd edib.
Cavadovun fikrincə, həmin kartlarlarda qadağan olunmuş hər hansı məlumatlar olmayıb.
“Taleh Bağırov özünü təqsirli bilmir, ittihamı qəbul etmir və ifadə verməkdən imtina edir. İfadəni məhkəmədə verəcəyini bildirir. Bu səbəbdən həmin ittihama onun münasibətini bundan artıq məlumat verə bilmirəm”.
Vəkil deyib ki, cinayət işinin istintaqı tamamlanıb və indi iş materialları ilə tanışlıq mərhələsidir.
Vəkil dekabrın 27-də həmçinin, Qobustan həbsxanasında Abbas Hüseynov və Mövsüm Səmədovla görüşüb.
“Səhhətləri yaxşıdır”, o qeyd edib.
Taleh Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.