Accessibility links

Avropa Şurasının baş katibi Əli İnsanova məktub ünvanlayıb


Əli İnsanov
Əli İnsanov

Avropa Şurasının baş katibi Torbörn Yaqland həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova məktub göndərib.

Bu barədə keçmiş nazirin vəkili Toğrul Babayev Amerikanın Səsinə məlumat verib.

Vəkilin bildirdiyinə görə, Yaqland məktubunda Əli İnsanovla bağlı məsələnin daim Avropa Şurasının diqqətində olduğunu yazıb. Həmçinin bildirilib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası departamenti Məhkəmənin Əli İnsanovla bağlı qərarın icrası üçün ardıcıl iş aparır və bu barədə Avropa Şurası baş katibini məlumatlandırır.

"Baş katib Əli İnsanovun Avropa Məhkəməsinə göndərdiyi ikinci şikayəti də nəzarətə götürdüyünü bildirib", vəkil Yaqlandın məktubuna istinadən deyib.

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan cinayət işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə göndərilib və ona 11 il həbs verilib.

2016-cı ilin oktyabrında həbs müddətinin bitməsinə 56 gün qalmış keçmiş nazirə narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə ittiham irəli sürülüb. 2016-ci ilin aprelində Bakının Qaradağ rayon Məhkəməsi onu 7 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

14 mart 2013-cü ildə Avropa Məhkəməsi Əli İnsanovun birinci iş üzrə ədalətsiz şəkildə cəzalandırılması barədə qərar qəbul edib. Amma təkrar istintaq zamanı ittiham qüvvədə saxlanılıb.

XS
SM
MD
LG