Accessibility links

Eldar Sabiroğlu: Oğlumun həyatı təhlükədədir [Audio-müsahibə]


Sabiq müstəntiq Rüfət Səfərovun atası Amerikanın Səsinə müsahibəsində bunu deyib

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, hazırda həbsdə olan Rüfət Səfərovun həyatı təhlükədədir.

Bu barədə Səfərovun atası Eldar Sabiroğlu bəyanat yayıb.

Eldar Sabiroğlunun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:04:51 0:00

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında isə Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-c ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.

Dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun apellyasiya şikayətini təmin etməyib.

Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)
Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)

Eldar Sabiroğlu Amerikanın Səsinə müsahibəsində bildirib ki, Rüfət Səfərovun saxlandığı kameraya 25 il həbs həyatı yaşamış residivisti salıblar.

“Nə qədər sakit dayanmaq istəyirsən, imkan vermirlər. Görünür, Rüfət Səfərovun hüquq sistemindəki rüşvətxorluğa, qanunsuzluğa etiraz əlaməti olaraq müstəntiq vəzifəsindən istefa verməsi hakimiyyət dairələrinə çox ciddi təsir edir. Ona görə də getdikcə qisasçılıq və intiqam hissini daha da artırır və Rüfətə qarşı müxtəlif mənəvi - psixoloji təsirlərdən istifadə edirlər. Yəqin onlara qondarma ittihamla 9 il azadlıqdan Rüfətin məhrum edilməsi kifayət etmir. Buna yalnız təəssüflənmək olar. Deməli, nə edirsən et, bircə hakimiyyətə qarşı mübarizə yolunu seçmə. Keçmiş müstəntiqin timsalında aydınca görünür ki, bu cür haqq və ədalət uğrunda mübarizə aparanları hansı ağır cəzalar gözləyir. Apellasiya məhkəməsi də bitdi, hökm qüvvədə saxlanıldı”, o qeyd edib.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, qanunvericiliyə görə Rüfət Səfərov məhkəmə hökmündən sonra 21 gün ərzində təcridxandan cəzaçəkmə müəssisəsinə köçürülməlidir.

Öz növbəsində, Eldar Sabiroğlu Rüfət Səfərovun təcridxanadan çıxarılaraq cəzaçəkmə müəsissəsinə göndərilməsinin gecikdirildiyini bildirib.

“Əlbəttə, bütün bunlar məqsədsiz edilmir. Üstəlik, Rüfətə qarşı 1 saylı Bakı istintaq təcridxanasında təqib və təziqlərdən istifadə olunur. Qaldığı kameraya yeni birisini yerləşdiriblər. Rüfət maraqlanarkən təzə kamera yoldaşı ona 2 il həbsxanada olduğunu bildirsə də, onun davranış və hərəkətlərindən şübhələnərək hökmü ilə maraqlanıb. Aydın olub ki, bu adam xüsusi təhlükəsi residivistdir, 25 illik məhkum həyatı sürüb. Rüfət ondan işini gizlətdiyini soruşduqda bildirib ki, mənə bunu təcridxana rəisinin rejim üzrə müavini tapşırıb və təkid edib ki, məhkumluğu barədə danışmasın”, o deyib.

Həbsxana
Həbsxana

Oğlundan narahat olan E.Sabiroğlu belə bir sualla müraciət edib:

“Prokurorluq əməkdaşının yanına belə bir cinayətkarın salınması çox maraqlıdır? Fikrimcə, burada başqa məqsəd ola bilməz, ya Rüfətin həyatı üçün hansısa bir təhlükə hazırlanır, ya da kamerada insident yaratmaqla Rüfət Səfərovla bağlı yeni bir istintaq hərəkəti başladıb onu təkrar cəzalandırmaq istəyirlər. Başqa necə fikirləşmək olar? Mən bu barədə penitensiar xidmətin qaynaq xəttinə telefon açdım və öz etirazımı bildirdim. Üstündən az keçməmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Mehman Sadıqov mənə zəng etdi və narahat olmamağımı, məsələni rəhbərliyə çatdıracağını söylədi. Keçmiş həmkarım kimi mən ona inandım və bəyənat verməkdən dərhal daşındım. Bu gün məlumat aldım ki, heç bir dəyişiklik aparılmayıb və həmin xüsusi təhlükəli residivist yenə də Rüfətlə birlikdə eyni kamerada qalır, cinayətkar jarqonları ilə Rüfətin əsəblərinə təsir göstərir.

Oğlumun taleyindən ciddi şəkildə narahat olduğumu bəyan edir və bu qanunsuz vəziyyətin aradan qaldırılması üçün təcili tədbirlər görməyi Ədliyyə Nazirliyinin rəhbərliyindən xahiş edirəm”, o qeyd edib.

Eldar Sabiroğlu beynəlxalq təşkilatların oğlu ilə maraqlanmasını istəyir.

“Mən istəməzdim beynəlxalq təşkilatlara müraciət edim. Amma, məcburam. Ölkədə bir tərəfdən insan hüquq və azadlıqlarından danışırklar, digər tərəfdə onları əzirlər. Beynəlxalq təşkilatlar isə sadəcə bir bəyanat verməklə işlərini bitmiş bilirlər”, o narazı tərzdə deyib.

Sabiroğlu beynəlxalq və yerli ictimaiyyətdən xahiş edib ki, Rüfət Səfərov və onun kimi haqsız həbsdə olan insanlara dəstəklərini əsirgəməsinlər.

Mehman Sadıqov
Mehman Sadıqov

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə deyib ki, Eldar Sabiroğlunun bəyanatı həqiqəti əks etdirmir.

“Eldar Sabiroğlu onun oğlu Rüfət Səfərovun yanına guya xüsusi təhlükəsi residivistin salınmasıyla bağlı bizə 2 gün əvvəl zəng etmişdi. Eldar Sabiroğluna bildirdik ki, onlara verilən informasiya yanlış məlumatdır. Hazırda Rüfət Səfərovla eyni kamerada hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı saxlanılır. Onun bu cür bəyanat verməsi üçün heç bir əsas yoxdur”, o qeyd edib.

XS
SM
MD
LG