Accessibility links

Zakir Həsənov: Ermənistanın nümayiş etdirdiyi raketlərin taktiki-texniki xüsusiyyətləri barədə tam məlumatımız var


Müdafiə naziri Zakir Həsənov hərbi təlimi müşahidə edir
Müdafiə naziri Zakir Həsənov hərbi təlimi müşahidə edir

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində ön xətdə xidmət edən şəxsi heyətlə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin oktyabrın 11-də yaydığı məlumatda bildirilir.

"Azərbaycanın səylərinə baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmır. Ali Baş Komandanın qeyd etdiyi kimi, Ermənistan öz çirkin taktikasını işə salaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın, vaxt uzansın. Biz buna imkan verməməliyik və bu münaqişə tezliklə həllini tapmalıdır", müdafiə naziri Zakir Həsənov şəxsi heyət qarşısında çıxışında deyib.

O vurğulayıb ki, Ermənistanın nümayiş etdirdiyi raketlərin taktiki-texniki xüsusiyyətləri barədə tam məlumatları var.

Nazirin dediyinə görə, bu raketlər bölgədəki hərbi balansı Ermənistanın xeyrinə dəyişməyib.

Bu il sentyabrın 25-də Ermənistan Yerevanda keçirilən hərbi paradda Rusiya istehsalı olan "İsgəndər" orta mənzilli taktiki raket kompleksi nümayiş etdirib. Bu nümayiş Azərbaycan ictimai fikrində Rusiyaya qarşı münasibətdə birmənalı qarşılanmayıb. Yerli ekspertlərin bildirdiyinə görə, bu ilin aprelində cəbhə xəttində hərbi əməliyyatların bərpası zamanı Azərbaycan Ordusu yeni silahların tətbiqi nəticəsində bir sıra ərazilərin azad edilməsinə nail olub.

Belə ki, aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Aprelin 5-də tərəflər Rusiya prezidentinin təşəbbüsü ilə Moskvada atəşkəslə bağlı yenidən razılaşma əldə ediblər.

Daha sonra ABŞ-ın təşəbbüsü ilə Vyanada, Rusiyanın təşəbbüsü ilə Sankt Peterburqda ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Azərbaycanın BMT tərəfindən tanınan ərazilərinin 20 faizinədək hissəsi ermənilərin nəzarətinə keçib.

1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb.

Münaqişənin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) hazırki status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG