Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində “Fətullah Gülən tərəfdarları” adı ilə qaldırılan cinayət işi üzrə həbs edilən müxalifət fəalları, konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendumdan danışıb.
Amerikanın Səsi: Azərbaycanda son dövrlər “Gülən tərəfdarları” adı ilə qaldırılmış cinayət işi ilə bağlı müxalifət fəalları həbs edilməkdədir. Bu həbslərə münasibətiniz necədir? Sizcə ölkədə son dövrlər baş verənlərin nəticələri nə ola bilər?
Hakimiyyət içində olduğu, dəstəklədiyi, şəbəkələşdirdiyi bir prosesdən indi müxalifətə qarşı istifadə etmək istəyir.
Cəmil Həsənli: Hakimiyyət içində olduğu, dəstəklədiyi, şəbəkələşdirdiyi bir prosesdən indi müxalifətə qarşı istifadə etmək istəyir. Hamıya bəllidir ki, ümumiyyətlə “Gülən Şəbəkəsi”, “Nurçuluq” və digər dini təmayüllər və xüsusilə söhbət “Gülən hadisəsi”ndən” gedirsə, Azərbaycanda bu dövləti hadisədir. Bunu hansısa bir ictimai təşkilatla, hansısa bir siyasi partiya ilə əlaqələndirmək sırf siyasi mülahizələrdən irəli gəlir. Sadəcə olaraq Azərbaycan hakimiyyəti “Gülən təlimi”, “Gülən Şəbəkəsi” ətrafında yaranmış prosesdən öz maraqları üçün çox gülünccəsinə istifadə etməyə çalışır. Çünki Azərbaycanda “Gülən Hərəkatı” həmişə demokratik müxalifətə qarşı olub. Mən sizə nümunə verim. Məsələn, 2013-cü ilin prezident seçkilərini götürək. 2013-cü ildə “Gülən Şəbəkəsi”nin əsas təbliğat ruporu olan “Xəzər” televiziyası Milli Şura və onun namizədinə qarşı AzTV-dən və “İctimai” televiziyadan daha sərt formada mübarizə aparırdı. Bu “gülənçilik” təsadüfən gəlib çıxmayıb ki, bu dövlətlə qarşılıqlı razılıq əsasında gəlib çıxıb. Azərbaycan hakimiyyətinin başında oturan yüksək vəzifəli şəxslər buna razılıq verib. Ona görə də “Gülən təlimi” ilə bağlı indi Xalq Cəbhəsini, Milli Şuranı hədəf kimi götürmək və onun əleyhinə saxta məqalələr yazdırıb, saxta günah formalaşdırmaq özü Azərbaycan hakimiyyətinin mahiyyətindən xəbər verir. Bu istiqamətdə Xalq Cəbhəsinin sədri Əli Kərimlinin hədəf olaraq götürülməsi təsadüfi deyil. Çünki son bir neçə ildə Əli Kərimli hakimiyyət üçün böyük baş ağrısına çevrilib. Məsələn, görürsən bir tərəfdən onu “Nardaran işi” ilə bağlı şiə dini təlimində günahkar etməyə cəhd göstərirlər və guya Nardaranda dövlət çevrilişinə cəhdin əsas təşkilatçısı kimi qələmə verirlər, o biri tərəfdən sünni məzhəbçilik üzərində qurulmuş “Gülən Şəbəkəsi”nin hədəfinə gətirirlər. Amma nə etmək istəyirlərsə, Əli Kərimlini məhz dini təmayül üzərində ittiham etmək istəyirlər. Niyə? Çünki, onun demokratik aləmdən, sivil dünyadan dəstəyini kəsmək istəyirlər. Onu hansısa bir terrorda ittiham edilən şiə müxalifətində, yaxud Türkiyədə artıq dövlət çevrilişi cəhdində bulunmuş “Gülən Şəbəkəsi” ilə iş birliyində ittiham etmək və bu istiqamətdə saxta işlər düzəltmək Xalq Cəbhəsinin aktivistlərini həbs etmək, əlbəttə ki, bu zərurətdən irləi gəlir.
Amerikanın Səsi: Əli Kərimlinin köməkçisi Faiq Əmirlini istintaq imam, moizə oxuyan kimi təqdim edib. Buna münasibətiniz necədir?
Cəmil Həsənli: Düzünü deyim ki, Faiq Əmirlinin həbsi cəmiyyətdə bir gülüş doğurub. Çünki ona qarşı irəli sürülən ittiham özü gülüş mənbəyidir. Faiq sivil kəsimin nümayəndəsidir. Yəni bir sivil, modern, çağdaş azərbaycanlı necə həyat tərzi keçirirsə, o formada həyat tərzi keçirir. Doğrusu, mən hətta onu deyə bilərəm ki, Faiq nəinki “Gülənçilik”dən, ümumiyyətlə hər hansı bir dini təlimdən, şiə məzhəbi üzrəində qurulmuş dini ayinlərin icrasından da uzaq adamdır. Burada hədəf Faiq deyil. Hədəf Əli Kərimlidir. Çünki Faiqi hakimiyyət tutmaq istəsə idi, artıq hakimiyyət üçün sınaqdan çıxmış və ümummilli status qazanmış narkotika ittihamından istifadə edə bilərdilər. Bu hakimiyyət üçün də çox rahat olardı. Amma burada Əli Kərimlini hansısa bir dini təmayülə bağlamaqdan söhbət gedir. Faiqin maşınının yük yerinə (artıq şahid ifadəsində də, bu əksini tapıb) Azərbaycanda çap olunmuş, Azərbaycan hakimiyyətinin, xüsusilə YAP-ın (Yeni Azərbaycan Partiyası) Siyasi Şurasının üzvü olmuş, Milli Məclisin komissiya sədri olmuş, Azərbaycan Pedoqogika İnstitutunun direktoru olmuş, ən nəhayət ölkənin baş prokurorunun əmisi olmuş bir şəxsin baş redaktorluğu ilə çıxmış bir kitabı Faiqə qarşı ittihamnamə kimi irəli sürürlər. Bu kitabı Faiqin avtomobilinin yük yerinə atırlar. Son nəticədə Faiqi imam elan edirlər.
Amerikanın Səsi: Milli Şura konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumda iştirak etməyəcəyini bəyan edib. Bunun səbəbləri nədir?
Yəni vitse-prezident təyinatlı bir orqandır və hər hansı bir böhranlı şəraitdə ali hakimiyyətin icrası ona həvalə edilir.
Cəmil Həsənli: Bu referendum anti-konstitusion xarakter daşıyır. Yəni referenduma elə maddələr çıxarılıb ki, Azərbaycan konstitusiyası həmin maddələrin referenduma çıxarılmasını qadağan edir. Yaxud vitse-prezidentlik, birinci vitse-prezidentlik institutu ilə bağlı, bu konstitusiyanın təməl maddələrindən biri olan birinci maddəsi ilə ziddiyyət təşkil edir. Fərqi yoxdur, hansı müddətə olur-olsun, burada bir müddət, yəni iki aylıq bir müddətə hakimiyyətin mənbəyinin xalq olması prinsipi pozulur. Yəni vitse-prezident təyinatlı bir orqandır və hər hansı bir böhranlı şəraitdə ali hakimiyyətin icrası ona həvalə edilir. Burada, konstitusiyanın birinci maddəsində deyilir, - hakimiyyətin mənbəyi xalqdır, bu prinsip pozulur. Ona görə də, biz həm 26 sentyabra qədər, həm 26 sentyabr günü bu referendumun nə dərəcədə anti-xalq, anti-konstitusion, Azərbaycan mühitində avtoritarizmin və diktaturaya meyllərin təsbit olunmasına cəhd olduğunu göstərməyə çalışacağıq.