Accessibility links

“Freedom House” gənclərin həbsini qınayır


Freedom House
Freedom House

“Freedom House” hüquq-müdafiə təşkilatı mayın 12-də NİDA vətəndaş hərəkatının iki üzvünün həbs olubmasını pisləyən bəyanat yayıb.

“24 siyasi və dini məhbusu azadlığa buraxandan sonra Azərbaycan hakimiyyəti, görünür, boş qalmış həbsxana kameralarını daha çox azadlıq müdafiəçisi ilə doldurmaq istəyir”, qurumun vitse-prezidentlərindən biri Robert Herman deyib. “Azərbaycanın repressiv qanunlarının heç biri ləğv olunmayıb. Demokratik ölkələr tələb etməlidirlər ki, Azərbaycan fundamental azadlıqlara sayqı göstərsin, vətəndaş cəmiyyətinin azad işləməsinə icazə versin”.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar – Bayram Məmmədovla Qiyas İbrahimov haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Gənclər qanunsuz narkotik dövriyyəsində ittiham olunurlar. Həmin maddələrin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

NİDA Vətəndaş Hərəkatı bildirib ki, Bayram Məmmədovla Qiyas İbrahimov mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanılıblar. Bayram Məmmədov məhkəmədə deyib ki, onlardan kamera qarşısında Heydər Əliyevin heykəlindən üzr istəməyi tələb ediblər.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslər olmadığını deyirlər.

XS
SM
MD
LG