Bakı Apellyasiya Məhkəməsi mayın 12-də Mərkəzi Seçki Komissiyasının İlqar Məmmədovun seçkiyə buraxılmaması ilə bağlı qərarından verilən şikayətə baxıb.
Bu haqda REAL Hərəkatinin icra katibi Natiq Cəfərli məlumat verib.
Onun bildirdiyinə görə, məhkəmə şikayəti əsaslı hesab etmədiyindən təmin etməyib.
Məhbus siyasətçinin müdafiəçiləri onun seçki hüququ ilə bağlı işini mümkün hüquqi müdafiə vasitələri çərçivəsində davam etdirəcəklər.
Həbsdə olan İlqar Məmmədov 90 saylı Ağdaş seçki dairəsi üzrə keçiriləcək təkrar parlament seçkilərinə qatılmaq məqsədi ilə müraciət etmişdi. Onun nümayəndələrinə əvvəlcə imza vərəqələri verilsə də, sonradan bu proses dayandırılmışdı.
Mərkəzi Seçki Komissiyasından bildirdilər ki, artıq İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib.
Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli mayın 5-də APA-ya açıqlamasında bildirib ki, İ. Məmmədov seçilmək hüququnu itirib:
“Artıq onun imza toplaması və Dairə Seçki Komissiyasına təqdim etməsi heç bir əhəmiyyət daşımır. Sənədlər təqdim olunsa belə, Dairə Seçki Komissiyası məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü və seçilmək hüququnun olmadığını onun diqqətinə çatdıracaq”.
İ. Məmmədov isə namizədliyinin ilkin qeydiyyatının ləğvinin qanunsuz hesab olunması, həmin qərarın ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi bu hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kasasiya şikayətinə baxaraq işi təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.
2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb, onun məhz hökuməti tənqid etdiyi üçün susdurulduğunu, cəzalandırıldığını bildirib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.