Bu gün Səbayel Rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun işi üzrə dövlət ittihamçısının yekun çıxışı olub. Prokuror müttəhimin 4 il azadlıqdan məhrum edilməsini istəyib.
C.Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar məsuliyyətə cəlb edilib. Lakin o, cinayətin iştirakçısı kimi yox, cinayəti bilib xəbər verməmək üzrə keçir.
Bundan öncə beş nəfər mühakimə olunub. Onların arasında R.Əliyevin ölümündə birbaşa günahkar bilinən qohumu da var.
Prokuror məhkəməni C.Hüseynovun CM-in 307.1. (hazırlanmaqda olan ağır cinayət barədə xəbər verməmək) və 307.2. (ağır cinayətin ört-basdır edilməsi) maddələri üzrə təqsirli bilinməsinə çağırıb.
Futbolçunun vəkili Adəm Məmmədov Turan-a bildirib ki, müdafiə tərəfi ittihamla razı deyil.
C.Hüseynov öz yaxınlarının jurnalistə hücumda iştirakı barədə bilməyib, bundan ancaq mətbuatdan xəbər tutub. Bunu yeni şahid – mərhum jurnalistin dostu Aydın Mahmudov məhkəmədə təsdiqləyib. Vəkil prokurorun təklif etdiyi cəzanın sərt olduğunu bildirib. O, işi “siyasiləşmiş” hesab edir.
Növbəti məhkəmə iclası mayın 16-ı saat 12:00-a təyin edilib.
R.Əliyev və C.Hüseynov arasında münaqişəyə jurnalistin Facebook-da futbolçunun xoşagəlməz hərəkətləriylə bağlı yazısı səbəb olub.
Bundan sonra jurnalist C.Hüseynovun qohumu tərəfindən hədələrə məruz qalıb. C.Hüseynov özü də jurnalistə telefon edərək danışıb. Mərhum ölümündən öncə bildirib ki, C.Hüseynov ona barışıq təklif edib, lakin görüşə gələndəo, artıq döyülmüşdü. Bu, avqustun 8-də baş verib. Bir gündən sonra R.Əliyev xəstəxanada vəfat edib. Jurnalistin döyülməsində iştirak edən beş nəfər 9 ildən 13 ilədək azadlıqdan məhrum edilib.