Accessibility links

Azərbaycan XİN: “Azərbaycan Demokratiya aktı” layihəsi anti-Azərbaycan xarakteri daşıyır


Hikmət Hacıyev
Hikmət Hacıyev

Xarici İşlər Nazirliyi konqresmen Kris Smitin layihəsini şərh edib

"ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənəd tam şəkildə anti-Azərbaycan xarakteri daşıyır və qəbuledilməzdir".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev konqresmen Kris Smitin hazırladığı “2015 Azərbaycan Demokratiya aktı” layihəsini şərh edərkən bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərinin şərhində deyilir:

“Sənədin təşəbbüskarı olan konqresmen Kris Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub. Hər bir söz və ifadəsi belə Azərbaycana qarşı yönəlmiş bu sənəd layihəsinin ABŞ Konqresinə keçirilməsi planlaşdırılan seçkilərin ərəfəsində ABŞ-dakı erməni lobbisi dairələri tərəfindən hazırlanması şübhə doğurmur. Bu kimi qərəzli addımlar Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər.

Əsassız olaraq ABŞ-ın milli təhlükəsizlik və iqtisadi maraqların qorunması naminə bu sənədin hazırlandığı iddia olunduğu halda, sənədin müəllifləri əslində Azərbaycan və ABŞ-ın enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqtisadiyyat və digər sahələrdə uğurlu əməkdaşlığına kölgə salmaq niyyətini güdürlər.

Hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs edilmiş şəxslərə “siyasi məhbus” donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyildir. Multikulturalizm ənənələri ilə dünyaya nümunə olan Azərbaycanda əsrlər boyu müsəlman, pravoslav, katolik, yəhudi və digər dini icmalarının dinc və mehriban şəkildə yaşadıqları halda, sənəd layihəsində Azərbaycanda dini azadlıqların pozulması haqqında iddia heç bir tənqidə sığmır.

Sənəd layihəsi bir daha sübut edir ki, Bakı-Tbilisi-Qars, TAP/TANAP qaz boru kəmərləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayan və çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik vahəsi olan Azərbaycanın öz xalqının iradəsi əsasında yürütdüyü müstəqil siyasəti müəyyən anti-Azərbaycan dairələrini ciddi surətdə narahat edir.

Azərbaycan Respublikasında qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi, fundamental hüquq və azadlıqların qorunması və mətbuat azadlığı tam şəkildə təmin olunub", o qeyd edib.

Xatırladaq ki, konqresmen Kriss Smit “2015 Azərbaycan Demokratiya Aktı” adlı sanksiyalar qanunu tərtib edib. O, bu aktı yaxın zamanlarda Konqresə müzakirə və təsdiq üçün təqdim edəcəyini bildirib.

“ABŞ-ın Azərbaycanla ortaq maraqları olsa da, Azərbaycanda insan haqları sahəsindəki pozuntular iki ölkə arasındakı əməkdaşlığa mane olur. İlham Əliyev hökümətinə sərt mesaj göndərməyin vaxtı çatıb”, konqresmen bildirib.

Qanun layihəsi Azərbaycan hökümətinin yüksək vəzifəli rəsmilərinə, təhlükəsizlik və ədliyyə sisteminin işçilərinə, onların yaxın qohumlarına, habelə onlarla iş birliyindən yüksək maliyyə gəlirləri əldə edən şəxslərə ABŞ vizasının verilməməsi də daxil edilərək, sanksiyaların tətbiqini nəzərdə tutur.

Bundan əlavə sanksiyalara maliyyə yardımının dayandırılması, yüksək vəzifəli şəxslər və ailə üzvlərinin maliyyə vəsaitlərinin dondurulması da daxildir.

“Bu sanksiyalar yalnız Azərbaycan höküməti siyasi məhbusları azad edərsə, vətəndaş cəmiyyətinin fəaliyyətinə maneəçilik törətməzsə, azad və ədalətli seçki prosesində əhəmiyyətli irəliləyiş nümayiş etdirərsə, aradan qaldırıla bilər”, K.Smit qeyd edib.

XS
SM
MD
LG