Şirvan Apellyasiya Məhkəməsi oktyabrın 27-də Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Murad Ədilovun şikayətini təmin etməyib.
Vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Apellyasiya Məhkəməsi məhkəməni qismən istintaqla aparmaqdan imtina edib. Vəkil və Ədilovun özü prosesdə çıxış edərək, ittihamın əsassız olduğunu və onun təqsirinin sübutunun olmadığını bildiriblər.
Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.
Murad Ədilov bu ilin mayında qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məcburi mühacirətdə olan müxalif jurnalist, “Azərbaycan saatı” televerilişinin aparıcısı Natiq Ədilovun qardaşıdır.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2015-ci il sentyabrın əvvəllərində Murad Ədilovun işgəncə haqqında şikayətini icraata qəbul edib.
Vəkil Yalçın İmanovun verdiyi məlumata görə, şikayətdə Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 3-cü maddəsinin (işgəncələrin qadağan edilməsi) pozulduğu bildirilir.
2014-cü il avqustun 11-də saxlanıldıqdan sonra Ədilovun Sabirabad rayon polis bölməsində etirafedici ifadələr alınması məqsədilə bir saat döyüldüyü deyilir. Müdafiə tərəfinin şikayətlərinə baxmayaraq, prokurorluq bu fakt üzrə cinayət işi qaldırmaqdan imtina edib, Azərbaycan məhkəmələri isə prokurorluğun qərarından şikayətləri təmin etməyib.
Bununla əlaqədar müdafiə tərəfi AİHM-ə müraciət edib, məhkəmə Ədilovun 5-ci maddə (azadlıq və şəxsi toxunulmazlıq hüququ) üzrə hüquqlarının pozulması haqqında ərizəsini də qəbul edib.