Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Uolter sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşdən sonra cəbhəboyu zonaya, təmas xəttinə səfər edərək yerli əhali və şəxsi heyətlə görüşüb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, R.Uolter vəziyyətlə yerində yaxından tanış olmaq üçün helikopterlə cəbhə bölgəsinə aparılıb.
Səfər zamanı R.Uolter Bərdə, Tərtər, Ağdam bölgələrində olub, qoşunların təmas xəttində, ön səngərlərdə şəxsi heyətlə görüşüb, onların sosial-məişət problemləri ilə maraqlanıb və qarşı tərəfi vizual müşahidə edib.
Tərtər rayonunun Qapanlı kənd sakinləri ilə görüşdə son günlər qarşı tərəfin minaatanlardan və iriçaplı silahlardan yaşayış məntəqələrini atəşə tutması faktı avropalı məruzəçinin diqqətinə çatdırılıb.
O da bildirilib ki, hətta bir neçə gün əvvəl kənddə keçirilən toy mərasiminin atəşə tutulması nəticəsində iki qadın və bir uşaq güllə yaraları alıb.
R.Uolter səfər zamanı əldə etdiyi məlumatlardan yararlanacağını bildirib və problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll olunacağına əminliyini ifadə edib.
Bölgələrə səfəri başa çatdıqdan sonra R.Uolter Bakıya qayıdıb.