Accessibility links

Azərbaycan Böyük Britaniyaya etiraz bildirib


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iyulun 1-də Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfir xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən qəbul edfilib.

"Səfirə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfəri və “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda 8 iyul 2015-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak edəcəyi ilə bağlı Azərbaycan Hökumətinin qəti etirazı bildirilib", məlumatda deyilir.

Mətbuat xidməti bildirir ki, bu kimi halların Azərbaycan və Böyük Britaniya arasında mövcud olan dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığı vurğulanıb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirilib.

Səfir İrfan Siddiq Böyük Britaniyanın Dağlıq Qarabağdakı rejimi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını deyərək, Azərbaycanın narahatlığı barəsində ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verəcəyini diqqətə çatdırıb.

Həmçinin, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən məsələ ilə bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyində görüş keçirilib və müvafiq etiraz məktubu təqdim edilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin məktubuna cavab olaraq, Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, Böyük Britaniya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir, Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və Böyük Britaniyanın bu mövqeyi dəyişməz olaraq qalır.

Məktubda "separatçı rejimin başçısının Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı" xüsusi vurğulanıb.

XS
SM
MD
LG