Avropanın milli olimpiya komitələri Azərbaycan hökumətini həbs edilmiş jurnalistləri və fəalları azad etməyə çağırmasa, hüquqların pozulması qarşıda duran Avropa Oyunlarına zərər gətirəcək. Bu barədə İdman və Hüquqları Müdafiə Alyansının 7 aprel tarixli bəyanatında deyilir.
Azərbaycan iyunun 12-28-də keçiriləcək Avropa Oyunlarına Olimpiya Hərəkatının himayəsi ilə 50 ölkədən 6000 idmançı dəvət edib.
“Avropa Olimpiya Komitəsi bu problemləri prezident Əliyev qarşısında qaldırmaq üçün nadir imkana malikdir”, deyə Amnesty İnternational-ı təmsil edən Eduard Nazarski bildirib.
İdman və Hüquqları Müdafiə Alyansı Amnesty International, Human Rights Watch, FIFPro (Avropa Futbol Azarkeşləri İttifaqı) və Transparency International-ın iştirakı ilə bu yaxınlarda yaradılmış koalisiyadır.
Alyans meqa-idman tədbirlərini qəbul edən ölkələrin insan hüquqlarına hörmət etməsinə, ətraf mühiti qorumasına və idmanda korrupsiyaya qarşı mübarizə aparmasına çalışır.
Alyans Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə Azərbaycanda hökumətin tənqidçilərinə qarşı repressiyalarını pisləmək çağırışı ilə məktub göndərib.
Aparıcı jurnalistlərin və hüquq müdafiəçilərinin həbsi və KİV, hüquq müdafiə qrupları və digər fəallara qarşı daimi təzyiq Olimpiya Xartiyasının prinsiplərinə uyğun deyil, deyə müraciətdə bildirilir. Bu vəziyyət Bakıdakı oyunları işıqlandıran minlərlə jurnalistin işinə mənfi təsir göstərə bilər.
Bununla əlaqədar olaraq Alyans Avropanın olimpiya komitələrini rəsmi Bakıda iyunun 12-nə qədər ədalətsiz olaraq həbs edilmiş bütün jurnalistləri və hüquq müdafiəçilərini, o cümlədən Xədicə İsmayılova, Leyla Yunus və Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, Rauf Mirqədirov, Anar Məmmədli, İlqar Məmmədov və Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməyi, fəalların, jurnalistlərin, müxalifətçilərin və digər şəxslərin ifadə, toplaşmaq və birləşmək azadlığı hüquqlarının həyata keçirilməsinə görə təzyiq, qorxutma və təqiblərə məruz qoyulmasına son qoymağı, qanunvericiliyə KİV, hüquq müdafiə təşkilatları və digər müstəqil qrupların işini məhdudlaşdıran mürtəce düzəlişləri ləğv etməyi tələb etməlidir.