Avropa Olimpiya Komitəsi (AOK) və Bakı 2015 Təşkilat Komitəsi Azərbaycan tərəfinin Bakı 2015 Avropa oyunlarında iştirak edəcək Milli Olimpiya Komitələrinin maliyyələşdirməsinə dair yayılan xəbərlərlə bağlı birgə açıqlama yayıb.
Açıqlamada deyilib ki, Olimpiya və Qış Olimpiya Oyunlarında və bu miqyaslı digər qlobal yarışlarda verilən oxşar dəstək (qrantlar), eyni zamanda Azərbaycanda ilk dəfə olaraq keçirilməsi nəzərdə tutulan ilk Avropa Oyunları ilə bağlı aparılan danışıqların ilkin mərhələsində əhəmiyyətli hissələrdən birini təşkil edib.
“Şübhəsiz ki, bu tələb təşkilatçı şəhərlə müqavilənin və AOK tərəfindən Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin üzərinə qoyulan öhdəliyin bir hissəsi olmuşdur", açıqlamada deyilir.
Məlumatda deyilir ki, iştirakçı idmançılar və müşayiətçi rəsmi şəxslərin sayına əsasən hesablanan qrantlar yarışlarda iştirak edən 50 Avropa Milli Olimpiya Komitəsinin hamısına bərabər şəkildə şamil edilir.
“Əlavə olaraq qeyd edək ki, Avropa Oyunlarından sonra Avropa Olimpiya Komitəsi (AOK) rəhbər qurum olaraq oyunların gəlirlərindən əldə edilən 2.5 milyon avro məbləğində vəsaiti, Beynəlxalq Olimpiya Komitəsi (BOK) kimi eyni qaydada Oyunların proqramına daxil edilmiş bütün idman növləri üzrə Avropa Milli Olimpiya Komitələri və Avropa Federasiyaları arasında bölüşdürəcək.
İdmançılar istənilən böyük idman yarışının əsasını təşkil edirlər. Bu məqsədlə, yarışlarda iştirak edən idmançıların maliyyələşdirilməsinə görə məsuliyyət daşıyan qurumların müvafiq qaydada ödənişlə təmin edilməsi qanunidir və məqsədə uyğundur”, açıqlamada qeyd edilib.
Bu məsələ sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri #shotverən haştaqı ilə statuslar paylaşıb.