Accessibility links

Sirac Kərimlinin həbs müddəti uzadılıb


Sirac Kərimlinin həbs müddəti uzadılıb
Sirac Kərimlinin həbs müddəti uzadılıb

Vəkil həbs müddətinin uzadılması ilə bağlı Apellyasiya Məhkəməsinə şikayət verəcək

Ötən şənbə Nərimanov Rayon Məhkəməsi Amnesty International tərəfindən “vicdan məhbusu” kimi tanınan Sirac Kərimlinin həbs müddətini daha iki ay - fevralın 17-dək uzadıb.

S.Kərimli iyulun ortalarında həs olunub. Bir həftə sonra isə onun qardaşı, Müsavat Partiyasının fəalı Fərəc Kərimli həbs olunub. Qardaşlar narkotik maddə alverində ittiham olunurlar.

Onların atası Raqif Kərimli də Müsavat Partiyasının fəalıdır.

Yerli hüquq müdafiəçiləri Kərimli qardaşlarını siyasi məhbus hesab edir.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, ikinci dəfədir ki, S.Kərimlinin həbs müddəti əsassız olaraq uzadılır.

“Adətən belə praktika xüsusilə mürəkkəb hal olduqda tətbiq edilir. Siracın işində heç bir mürəkkəblik yoxdur. Onu siyasi girov kimi saxlayırlar. Sirac siyasətlə məşğul olmur. O, qardaşına və atasına görə həbs olunub”, vəkil bildirib.

Vəkil Siracın səhhətinin pisləşdiyini bildirib. Onda kəskin ürək ağrıları olur. Ədliyyə Nazirliyinin Tibb İdarəsinin həkimləri Siracı müayinə ediblər və bəzi dərmanlar yazıblar. Lakin bu müalicənin faydası yoxdur.

“Biz Siracın müalicə müəssisəsinə köçürülməsi üçün təcridxana rəhbərliyinə müraciət etmişik. Ombudsman aparatı da həmin təkliflə Penitensiar Xidmətə müraciət edib, lakin hələlik nəticə yoxdur”, vəkil vurğulayıb.

O, həbs müddətinin uzadılması ilə bağlı Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir.

XS
SM
MD
LG