“Siyasi Məhbuslarsız-Azərbaycan” Alyansı noyabrın 6-da “Həbs yerlərində vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələr” adlı hesabatı təqdim edib.
Alyansın koordinatoru Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, hesabat 12 bölüm və 3 istiqamətdən ibarətdir. “Birinci istiqamət dustaqların saxlanma şəraiti, ikinci istiqamət dustaqların hüquqları, üçüncü istiqamət isə siyasi məhbus problemini əhatə edir”.
Onun dediyinə görə birinci bölmədə Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanası istisna olmaqla qalan təcridxana və eləcə də cəza çəkmə müəssisələri və həbsxana Avropa standartlarına cavab verməməsi barədə materiallar yerləşdirilib.
“Saxlanma şəraiti bərbad haldadır. Bundan əlavə bu müəssisələrlə bağlı beynəlxalq konvensiyaların müddəaları tətbiq olunmur. Təcridxana və həbsxanaların qızdırılması, sərinlədilməsi, dustaqların ərzaq, su, hamam, qida təchizatı baxımından problemlər yaşanır. Dustaqlar arasında “imkanlı”, “imkansız” ayrıseçkiliyi yaşanır. Bir dustağa 4 kv.metr lazım gəldiyi halda belə bir sahəyə 2-3 nəfər yerləşdirilir. Bu mənada ölkə həbsxanalarında çox ciddi məhbus sıxlığı yaşanıb”, Gülalıyev qeyd edib.
Həbsxanalarda korrupsiya və rüşvət faktlarının olduğu da deyilib. “Belə ki, dustaqlar görüş, telefon danışığı, idman, görüşə çıxmaq üçün rüşvət verilməlidir. Hesabatda dustaqlara işgəncə faktları sadalanır, amma bunlar araşdırılmır. Hüquq-mühafizə orqanları isə istənilən işgəncə faktına “deyilənlər əslini tapmadı” cümləsi ilə kifayətlənir.
Hesabatda həmçinin dustaqlara işgəncə verilməsində “fərq”lənən 10-dan yuxarı şəxsin adları çəkilir. Bu sırada həbsxanaların keçmiş və indiki rəislərinin, nəzarətçilərin adları keçir.
Ölüm halları araşdırılmadığı sənəddə əksini tapır. ”Ölüm hökmü ömürlük həbslə əvəz edilib. Amma Qobustan həbsxanasında XX əsrin 90-cı illərində 128 ömürlük məhbus var idi. Onlardan 43 nəfəri ölüb, 10 nəfəri əfv edilib. 78 nəfər isə hələ də həbsdədir”.
Hesabatda siyasi məhbus məsələsinə də toxunulub. “2013-cü ilin yanvarından bu yana 50 siyasi məhbus var idisə, hazırda 98 siyasi məhbus var. Məhkəmələr siyasi məhbuslara üst-üstə 630 il həbs qərarı çıxarıb. Siyasi məhbuslar kateqoriyası arasında ən çox siyasi məhbus dindarların payına düşür. Onlar 54 nəfər təşkil edir”, Oqtay Gülalıyev qeyd edib.